“İlin fəsilləri” layihəsi çərçivəsində “Bahar. Qadın. Məhəbbət” adlı vizual incəsənət sərgisi
16.03.2007 - 26.03.20072007-ci il, 15 mart tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Muzey Mərkəzinin Sərgi Qalereyasında “Bahar. Qadın. Məhəbbət” adlı vizual incəsənət sərgisi açıldı. Bu sərgi 2006-cı ilin payızında start almış “İlin fəsilləri” adlı silsilə sərgilərin davamı idi. Ekspozisiyada rəsm əsərləri, qrafik vərəqlər, heykəltəraşlıq, xalq-tətbiqi sənət əsərləri və həmçinin fotokompozisiyalar öz əksini tapmışdı. Sərgidə artıq incəsənətdə sözünü demiş peşəkar rəssamlarla yanaşı, gənc və həmçinin həvəskar rəssamların, nəticə etibarilə 100-dən artıq müəllifin əsəri nümayiş olunurdu. Vernisajda Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı xarici ölkələrdən (İran İslam Respublikası, Çexiya, Yeni Zelandiya) olan rəssamlar da iştirak edirdi.
Bahar- başlanğıc, Qadın- kamillik, Məhəbbət isə - həqiqət deməkdir.
Qalereyada nümayiş etdirilən sərginin əsas mövzusu bahar olduğu üçün və həm də bahar bayramları içərisində Novruzun xüsusi əhəmiyyət kəsb etdiyi üçün seçilmiş əsərlərdə yalnız qadın gözəlliyinin vəsfinə deyil, eyni zamanda qədim ənənələrə malik Novruz rəmzlərinə də rast gəlmək mümkün idi. Sərginin əsas məqsədi isə tamaşaçıya bahar əhval-ruhiyyəsini çatdırmaq idi.Qeyd edək ki, sərginin afişalarını tanınmış rəssamlardan Sara Manafova, Vüqar Muradov, Nazim Məmmədov və Niyaz Nəcəfovun reproduksiyaları bəzəyirdi.