Azərbaycan kino afişaları sərgisi

02.08.2010

Akt Zalı
Sərgi Qalereyası
Açılış mərasiminin vaxtı: 2 Avqust 2010, saat 16:00
Təçkilatçı: Dövlət Film Fondu

2 avqust - Milli kino günü ilə əlaqədar olaraq 2010-cu il, avqustun 2-də Muzey Mərkəzinin Akt Zalında və Sərgi Qalereyasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. Qeyd edək ki, 2 avqust - Milli kino günü Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr, 2000–ci il tarixində təsis edilmişdir. Kino gününün məhz 2 avqust tarixində qeyd olunması təsadüfi deyil. Azərbaycan kinosunun tarixi 14 may 1916-cı ildən, yəni “Neft və milyonlar səltənətində” filminin ilk dəfə göstərildiyi gündən hesablansa da, ekranda ilk hərəkətli şəkillər hələ 1898–ci ildə görsənmişdir. Belə ki, məhz həmin ilin avqustun 2-də "Bibiheybətdə neft fontanı yanğını" süjeti nümayiş etdirilmişdir ki, bu film də hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
Tədbirdə qonaqları aparıcı qismində Dövlət Film Fondun direktoru Cəmil Quliyev salamladı və Azərbaycan kino tarixi barədə qısa məlumat verdi. Böyük ekranda tamaşaçılar kinematoqrafiya ilə bağlı keçirilən tədbirlərin video–xronologiyasını gördülər. Tamaşaçıların böyük qismini kino xadimləri təşkil edirdi. Videolentin nümayişindən sonra kino veteranlarına Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hədiyyələr təqdim edildi.
Daha sonra qonaqlara Sərgi Qalereyasında açılmış qeyri-adi və maraqlı bir sərgi- “Azərbaycan kino plakatları (1930-1980-ci illər)” adlı sərgi təqdim olundu. Bu plakatlar Dövlət Film Fondunun vəsaiti hesabına ilkin şəklinə salınmışdı.
Hər plakat ayrılıqda bir sənət əsəridir və cavan nəsil kinematoqraflar üçün Azərbaycan kinematoqrafiyasının tarixini öyrənmək üçün mühüm dərs vəsaiti əhəmiyyətinə malikdir. Az sözlü, eyni zamanda yaddaqalan və rəngarəng olan həmin afişalar öz müasir analoqlarından çox fərqlənirlər. Bu plakatlarda cəlbedici reklam şüarları və filmdən müxtəlif səhnələr tapmaq mümkün deyil. Ən əsası odur ki, bu plakatlar tanınmış rəssamlar tərəfindən əllə çəkilmişdir. Bəlkə də buna görə də plakatlar bizi keçmişə qaytarır. Ekspozisiyada 1930-cu ildən 1980-ci ilə qədər insanları kinoya səsləyən 50–dən çox köhnə kinoafişa təqdim olunmuşdu. Onların arasında dahi Azərbaycan rejissorları Həbib İsmayılov, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Arif Babayev, Rasim Ocaqov, Eldar Quliyev, Rasim İsmayılov, Oqtay Mirqasımov və digərlərinin çox məşhur filmlərindən olan “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Nəsimi”, “Bakının işıqları”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Bağlı qapı arxasında”, “Yaramaz”, “Qara gölün cəngavərləri”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bəyin oğurlanması”, “Nizami”, “Babək” – in çox gözəl afişaları yer alırdı.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev onu da qeyd etdi ki, kinoplakatların bərpa olunması və nümayiş etdirilməsi ideyası kinoşünas, kinoşünaslıq fakültəsinin məzunu Rəşad Qasımova məxsusdur.
Bəzi çatışmayan afişalar isə xarici ölkələrin fondlarından gətirilmişdir. Ümumilikdə Dövlət Film Fondunda hal-hazırda operativ şəkildə 60-dan çox plakat bərpa olunub və gələcəkdə kataloqun çap olunması nəzərdə tutulur. Çox sayda Azərbaycan kinoplakatları Rusiya fondlarında saxlanılır. Gələcəkdə onların da surətlərinin Azərbaycana gətirilməsi nəzərdə tutulur.