Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, tanınmış operator Valeri Kərimovun 65 illiyi

30.06.2010

Akt Zalı
Vaxt: 19:00
Təçkilatçı: Dövlət Film Fondu

2010-cu il, iyunun 30-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə əməkdar incəsənət xadimi, görkəmli kinooperator və kinorejissor Valeri Kərimovun 65 illik yubiley gecəsi keçirildi. Akt Zalının qarşısında sənətkarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi də açılmışdı.
Tədbiri giriş sözü ilə əməkdar incəsənət xadimi Cəmil Quliyev açdı: “Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olmuşdur. O, peşəkar kinooperator kimi 30-a qədər film çəkmişdir. Valeri Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm etmiş, xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışmışdır”. O, iştirakçıların diqqətinə çatdırdı ki, Valeri Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti vəzifələrində işləmiş, XX əsrin 60-cı illərinin sonunda Moskvaya gedərək, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olmuşdur. Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi "Çarvadarların izi ilə" bədii televiziya filmidir. Elə həmin il operator "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı - "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi"ni lentə almışdır. Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda ekran əsərləri vardır. Bunlara misal olaraq "Alma almaya bənzər", "Yuxu", "De ki, məni sevirsən", "Qaladan tapılan mücrü", "Arxadan vurulan zərbə", "Qorxma, mən səninləyəm", "Qızıl uçurum", "Yarımçıq qalmış mahnı", "Ailə", "Sizi dünyalar qədər sevirdim", "Bir ailəlik bağ evi", "Ötən ilin son gecəsi", "Sürəyya" və s. filmləri göstərmək olar.
Valeri Kərimov özünü rejissorluq sahəsində də sınamış və "Həmyerli" bədii filminə quruluş vermişdir. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olmuş Valeri Kərimov bu sahədə də səmərəli iş aparmışdır.
Mərasimdə Rafiq Qəmbərov və Aydın Kazımzadə çıxış edərək, Valeri Kərimovun zəngin yaradıcılıq təcrübəsindən, böyük insani keyfiyyətlərindən də danışaraq, onunla bağlı xatirələrini yada saldılar.
Tədbirdə mərhum operatorun oğlu tərəfindən lentə alınmış və Valeri Kərimova həsr olunmuş sənədli film nümayiş etdirildi.