Azərbaycanın əməkdar incəsənət xadimi Sara Manafovanın 75 illiyinə həsr olunmuş yubiley və xatirə sərgisi
19.10.2007 - 21.10.200725 oktyabr, 2007-ci il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Sara Manafovanın 75 illiyinə həsr olunmuş yubiley sərgisi açıldı. Sərgidə rəssamın 80-ə yaxın əsəri nümayiş olunurdu.
Sara Manafova 1932-ci ildə anadan olmuşdur. 1956-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbini, sonra isə Tiflis Rəssamlıq Akademiyasını bitirmişdir. 1960-cı ildə incəsənətdə ilk müstəqil addımlarını atmağa başlayır. Sara Manafova öz yaradıcılığına romantik, emosional yanaşmışdır. Müəllifin bədii fərdiliyi - Şərqin təsviri incəsənətində öz əksini tapmış zəngin adət-ənənələrə qayğı və məhəbbətlə yanaşması öz gözlənilməz nəticələrini vermişdir. Sara Manafovanın əsərləri geniş dünya tamaşaçıları önündə Şərq poeziyasının rəmzi obrazını və müdrikliyini aşkarlayır. Rəssam öz üslubunu axtararkən, Azərbaycanın rəngkarlıq ənənələrinin gücünü əks etdirir.
Sara Manafovanın əsərləri Tunis, Mərakeş, Əlcəzair, Bolqarıstan, İtaliya, Norveç, Finlandiya, Yaponiya, Türkiyə, İran, Almaniya, Polşa, Fransa, Danimarka və digər ölkələrdə nümayiş etdirilmişdir. 1987-ci ildə Moskvada, 1989-cu ildə Polşada fərdi sərgiləri keçirilmiş, 1993-cü ildə YUNESKO-nun Beynəlxalq Rəssamlar Assosiasiyasının üzvü seçilmişdir.
Rəssamın əsərləri bir çox muzey və qalereyaların kolleksiyasına daxil olmuşdur. Bura Şərq Xalqlarının İncəsənət Muzeyi (Rusiya-Moskva), Özbəkistan Dövlət Təsviri İncəsənət Muzeyi (Daşkənd şəhəri), İncəsənət Qalereyası (Sumqayıt), Azərbaycan Dövlət Təsviri İncəsənət Muzeyi (Bakı), Sərgi Qalereyası (Bakı), o cümlədən bütün dünya üzrə bir çox şəxsi kolleksiyalar daxildir.
Sara Manafova öz yaradıcılığında həmişə gözlənilməz, naməlumdur. O, həmişə müxtəlifdir, qeyri-adidir və əsərləri müqayisə olunmazdır. O, xüsusi dəst xəttə malik sənətkardır və kifayət qədər bənzərsizdir. Böyük bacarıq, ruh yüksəkliyi, dünyanın parlaq, rəngli təsviri Sara Manafovaın yaradıcılığının başlıca fərqləndirici cəhətləridir. Rəssama rəngkarlıqdan qrafikaya qədər istənilən texnika bəllidir. Sara Manafovanın yaratdığı üslub qismən Şərq miniatürünü xatırladır. Bu Nizaminin “Yeddi gözəl” poemasının motivləri əsasında işlənmiş silsilə əsərlərdə xüsusilə nəzərə çarpır. Onun yaradıcılığında xüsusi yeri portret janrı tutur. O həm də natürmort janrına müraciət edir. Yaradıcılığının son dövrünün daha çox əhəmiyyətə malik işləri isə “Leyli və Məcnun” triptixi (“Məhəbbət”, “Çarmıxa çəkmə”, “Qəbirdə vəziyyət”) hesab olunur.
Onun “Tatuaj” və “Həyat xətti” adlı yeni seriya əsərləri isə daha çox ajiotaj yaradan əsərlər idi. Və hətta qayıq təsvir olunmuş “Kədərli günlər” adlı zərif, lirik tablodan danışmamaq mümükün deyil. Əsərə tamaşa etdikcə həyat dənizində üzən qayıqların tam tənha və kədərlə necə sahilə yan aldıqlarının şahidi olursan.
Bu gün gözəl sənətkar – Sara Manafova bizlərlə deyil. O, həyatda da, sənətdə də böyük romantik və böyük uşaq idi. Gözəlliyi və sevgini həqiqətin son mərhələsi kimi tərənnüm edən sənətkar, hisslərini tamaşaçılara öz tabloları vasitəsilə çatdırırdı. O şəkil çəkmədən yaşaya bilmirdi. Və o, bütün həyatını – başlanğıcdan sona qədər – incəsənətə həsr etmişdi. Xəstəliyinə cəmi bir ay qalmış yeni əsər üzərində işləməyə başlamışdı. Rəssamın son tablosu tamamlanmamış qaldı...