“AZƏRBAYCAN AİLƏSİ-2010” kinofestivalının bağlanış mərasimi
12.05.2010Akt Zalı
Vaxt: 15:00
Təşkilatçı: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
2010-cu il, mayın 12-də Muzey Mərkəzinin Akt Zalında bu il fevralın 11-də start götürmüş “Azərbaycan ailəsi-2010” kinofestivalının bağlanış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, artıq üç ildir “Sağlam ailə güclü dövlətin əsasıdır” devizi altında 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş “Azərbaycan ailəsi” festivalı keçirilir. Heydər Əliyev Fondu ilə BMT-nin Əhali Fondunun “XXI əsrdə qadınlara münasibətdə zorakılıq əleyhinə” layihəsinin və BMT Əhali Fondu ilə Norveç hökumətinin “Qadınlara münasibətdə zorakılıq əleyhinə” birgə layihəsinin dəstəyi ilə təşkil olunmuş festivalın əsas məqsədi ölkədə uğurla həyata keçirilən ailənin möhkəmləndirilməsi və ailə statusunun artırılması siyasətini işıqlandırmaqdır. H.Hüseynova demişdir: “Ümummilli lider Heydər Əliyev ailə ənənələrinin müqəddəsliyini və sarsılmazlığını öz ailəsinin timsalında göstərmişdir. Prezident İlham Əliyev onun siyasi xəttini uğurla davam etdirir. Bu sahədə görülən işlərdən danışarkən dövlətimizin başçısının ailə, qadın və uşaq problemlərinin həllinə dair sərəncamlarını, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan xalqının milli ənənələrinin dünyada təbliği istiqamətindəki fəaliyyətini xüsusi vurğulamaq lazımdır”.
Bu il müsabiqəyə xarici filmlər də təqdim olunmuşdu. Münsiflər heyəti 4 nominasiya üzrə 30 film seçmişdi. Ombudsman Elmira Süleymanova, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Babayev belə festivalların keçirilməsinin əhəmiyyətindən danışaraq bildirmişlər ki, bu tədbirlər nəinki diqqəti vaxtı çatmış problemlərə cəlb edir, həm də gənc rejissorlara öz filmlərini geniş auditoriyaya təqdim etmək imkanı verir. Sonra qaliblərin mükafatlandırılması mərasimi olmuşdur. “Ən yaxşı film”, “Ən yaxşı xarici film”, “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı tələbə filmi” nominasiyalarının, habelə həvəsləndirici “Ən yaxşı videoçarx” nominasiyasının qaliblərinə diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur.