“Günay” Uşaq Teatrının ifasında “Balıqçı və balıq haqqında nağıl” tamaşası

02.06.2010

Akt Zalı
Vaxt:16.00
Təşkilatçı: “Günay” Uşaq Teatrı Muzey Mərkəzi ilə birlikdə

Rus ədəbiyyatının görkəmli nümayəndəsi A.S.Puşkinin anadan olmasının 211 ilinin tamam olması (6 iyunda) münasibətilə Muzey Mərkəzi 2010-cu il, iyunun 2-də “Günay” Uşaq Teatrının ifasında “Balıqçı və balıq haqqında nağıl” tamaşasını hazırlamışdı.
2010-cu ildə Muzey Mərkəzi “Muzey-uşaqlar üçün” adı altında müxtəlif aksiyalar keçirir. Buraya tematik mühazirələr, uşaq rəsmləri sərgisi, tamaşalar, bayram tədbirləri və s. daxildir.
“Muzeydə teatr” Muzey Mərkəzinin silsilə tədbirlərdən ibarət yeni layihəsidir. Bu layihə çərçivəsində “Günay” Uşaq teatrının ifasında müxtəlif tamaşalar nümayiş etdirilir. Layihənin konsepsiyası teatr yaradıcılığının təsviri incəsənətlə qarşılıqlı əlaqəsindən ibarətdir. İyunun 2-də nümayiş olunan tamaşada da gənc aktyorların ifasını ənənəvi dekorasiyalar deyil, Azərbaycanın müxtəlif nəsil rəssamlarının tamaşa üşün xüsusi olaraq seçilmiş əsərləri müşaiyət edirdi. Beləcə incəsənətin iki növünün qeyri-adi sintezi meydana çıxır. “Balıqçı və balıq haqqında nağıl” tamaşası üçün aşağıdakı rəsm əsərləri seçilmişdi: Nairə Rüstəmovanın “Dayverşi”, Eldar Qurbanın “Akvarium”, Vüqar Əlinin “Qız balıq ilə”, Emin Əsgərovun “Qasırğa”, Məmməd Rəşidovun “Qara qızılın əsirliyində” əsərləri.
2003-cü ildən “Günay” teatrının rejissoru Larisa Tarusovadır. Teatrın repertuarında müxtəlif maraqlı tamaşalar var: “Məhəbbət hekəyəsi”, “Arşın mala alan”, “Şelkunçik”, “Fars motivləri” və s. Onlardan bəziləri artıq Muzey Mərkəzində nümayiş olunmuşdur. Digər tamaşaların isə bu ilin payız və qış aylarında nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.
“Balıqçı və balıq haqqında nağıl” 2009-cu ildə A.S.Puşkinin anadan olmasının 210 illik yubileyi münasibətilə tamaşaya qoyulub və Rusiya mədəniyyət mərkəzinin diplom və xatirə hədiyyələrinə layiq görülüb. Həmin vaxtdan tamaşa şəhərin müxtəlif mədəniyyət məkanlarında səhnəyə qoyulur.