Azərbaycanın Əməkdar Rəssamı Ənvər Əskərovun 70 illik yubiley sərgisi
04.05.2010 - 10.05.2010Sərgi Qalereyası
Açılış mərasiminin vaxtı: 4 may, saat 18:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi
2010-cu il, may ayının 4-də Muzey Mərkəzinin Sərgi Qalereyasında tanınmış və istedadlı fırça ustası, Azərbaycanın Əməkdar Rəssamı Ənvər Əskərovun 70 illik yubiley sərgisi açılmışdır. Ekspozisiyada rəssamın son illərdə yaratdığı yeni, indiyədək geniş tamaşaçılara təqdim olunmamış əsərləri nümayiş olunurdu. Bu sərgi sanki rəssamın tamaşaçılar qarşısında yaradıcılıq hesabatı idi.
Ə.Əskərov ilk professional təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi tanınmış rəssamlardan almışdır. Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir,1968-ci ildən Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Soltan Məhəmməd mükafatına layiq görülmüşdür. Ə.Əskərov 1994 və 2003-cü illərdə Bakıda fərdi sərgilərini təşkil etmişdir. Onun əsərləri 1998-ci ildə Vaşinqtonda keçirilən “World bank art” adlı sərgidə nümayiş etdirilmiş və bir neçə əsəri ABŞ kolleksiyaçıları tərəfindən alınmışdır. 1967-ci ildə ilk dəfə olaraq Ə.Əskərov “Borular” adlı əsəri ilə sərgidə iştirak etmişdir. Bu dövr ərzində onun yaradıcılığı zənginləşmiş, özünəməxsus cəhətləri ilə başqalarından fərqlənmişdir. Bir neçə on il bundan əvvələ qədər monumental sənaye kompozisiyalarına üstünlük verən rəssam sonralar kamera tipli həndəsi natürmortlar çəkməyə başlamış, az sonra isə formal baxımdan çox sadə olan bu əsərlər op-art üslubunda işlənmiş rəsmlərlə əvəz edilmişdir. Sənətdə öz yerini, yaradıcılıq yolu və istiqamətini tapmış rəssamın əsərlərinə tamaşa edərkən, düşünürsən ki, onun fantaziyasının həddi-hüdudu yoxdur. Tünd yaşıl rəngli meşələrin təsvirində nə isə mistik bir məqam duyulur. Bu lövhələr nə qədər real olsa da, onları realist üsluba yalnız şərti mənada aid etmək olar. Onun əsərlərinin təbiiliyi tamaşaçıya sanki təzə-tər yarpaqların qoxusunu çatdırır, adama elə gəlir ki, bu qoxu insana fiziki mənada təsir göstərir. Rəssamın palitrasında əsasən təbiət rəngi sayılan yaşıl rəngin müxtəlif çalarları üstünlük təşkil edir. Rənglər onun tablolarında bir-biri ilə üzvü şəkildə əlaqələndirilir. Sanki, onlar rəssam tərəfindən deyil, təbiətin özü tərəfindən işlənmişdir. Özünəməxsus yaradıcılıq üslubu və orijinal tərzdə işlənmiş tabloları ilə rəssam bu illər ərzində tamaşaçıların və sənətsevərlərin marağını özünə cəlb etmişdir. O, hansı zamanda və ictimai quruluşda yaşamasından asılı olmayaraq daim öz sənət ideallarına sadiq qalan insan kimi, milli incəsənətimizin zəngin xəzinəsinə öz töhfələrini verməkdə davam edir. Ə.Əskərovun səmərəli bədii yaradıcılıq fəaliyyəti Azərbaycan Dövləti tərəfindən yüksək qiymətləndirilmiş və o, 2000-ci ildə Əməkdar Rəssam fəxri adına layiq görülmüşdür. 2009-cu ildə “Azerbaijan culturalscapes” layihəsi çərçivəsində Nazirlik tərəfindən İsveçrənin Bazel şəhərində keçirilmiş “Baku Unlimited” adlı sərgidə Ənvər Əskərovun əsərləri də uğurla nümayiş etdirilmişdir. Onun əsərləri Rusiya Mədəniyyət Nazirliyinin fondunda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında və bir çox xarici ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.