Azərbaycanın xalq rəssamı Nadir Qasımovun 80 illiyinə həsr olunmuş fərdi yubiley sərgisi
19.09.2008 - 23.09.20082008-ci il, sentyabrın 19-da Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Azərbaycan Xalq Rəssamı Nadir Qasımovun 80 illiyinə həsr olunmuş yubiley sərgisinin açılışı olmuşdur.
Azərbaycanın ən istetadlı rəngkarlarından birinin yaradıcılığı 1940-cı ildən 2000-ci ilədək götürsək, 50 ildən artıq bir dövrü əhatə edir. Sonuncu mənzərə 1999-cu ildə çəkilib və malbertin üstündə qalıb.
Nadir Qasımov 1928-ci il, mayın 22-də Bakıda anadan olub. 1941-46-cı illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1947-53-cü illərdə isə Sankt-Peterburqda İ.E.Repin adına Rəssamlıq Akademiyasında təhsil alıb. 1953-cü ildə Rəssamlıq Akademiyasını bitirib Bakıya qayıdır. Gənc yaşlarından etibarən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin fəal iştirakçısı olaraq özünü bacarıqlı fırça ustası kimi təqdim edir. Tələbəlik vaxtlarında Bakıda bir neçə portret və mənzərələrlə çıxış etmişdi.
Bakıda yaşayıb yaradasan – bu sənaye şəhərinin gündəlik ritmini hiss edəsən, ətraf mühitin romantikasına biganə qalasan, bu mümkün deyil. Nadir Qasımov həmişə axtarır və həmişə də Abşeron yarımadasının qeyri-adi iqlimində yüksək romantikanı hiss edir, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edir. Günlərlə, həftələrlə “Neft Daşları”nda yaşayır, neftçilərin qəhrəmanlıqlarını öz əsərlərində əks etdirir: “Neft buruqları”, “İliç buxtası” (Dövlət Tretyakov Qalereyası), “İliç buxtasının qurulması”, “Qırmızı borular” (Dövlət Tretyakov Qalereyası) və başqaları.
Məşhur neftçilərin portretlərini işləyirdi: Qocaman neftçi Gülbala Əliyevin portreti, neftçi-qəhrəmanlar Qurban Abbasovun və Adil Məmmədovun portretləri…
Dəli-dolu Xəzərin tufanlı anları, bəzən də sakit qızılı çağları onun fırçasından çıxan ən uğurlu sənət əsərləridir: “Dəniz qəzəblənir”, “Polad adam”, “Xəzərdə qızılı şəfəq” və başqaları.
Rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlərini çəkir.
Nadir Qasımovun əsərləri dəfələrlə dünyanın 50-dən çox ölkəsində sərgilərdə nümayiş etdirilmiş, diplomlara layiq görülmüşdür.
Rəssamın 100-ə yaxın əsəri Rusiyanın muzey kolleksiyalarında, MDB ölkələrinin muzeylərində, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalardadır.
Təsadüfi deyil ki, onun 1961 və 1977-ci ildə Bakıda keçirilən fərdi yaradıcılıq sərgiləri Azərbaycan tamaşaçıları üçün olduqca maraqlı bir sənət hadisəsinə çevrilib.
Muzey Mərkəzində keçirilən sərgidə Nadir Qasımovun Dövlət İncəsənət Muzeyi, Dövlət Rəsm Qalereyası və şəxsi kolleksiyasından götürülmüş 80-ə yaxın əsəri nümayiş etdirilmişdir. Sərgi 5 gün davam etmişdir.