Müasir incəsənət sərgisi “ Baharın Fəlsəfəsi “
26.04.2010 - 30.04.2010Sərgi Qalereyası
Açılış mərasiminin vaxtı: 26 aprel, saat 18:00
Təşkilatçı: Muzey Mərkəzi
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzi özünün son illər boyu ildə dörd dəfə keçirilən mövsüm sərgilərinin möhtəşəm layihəsini davam etdirərək 2010-cu il, aprelin 26-da tamaşaçılara Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Baharın fəlsəfəsi” adlı müasir incəsənət sərgisini təqdim etdi.
Sərginin kuratoru, Muzey Mərkəzinin direktoru Liana Vəzirova sərginin konsepsiyasını bu cür açıqlayırdı: “Baharın fəlsəfəsi – bu, yəqin ki, ilin fəsillərinə aid olan ən çoxplanlı fəlsəfədir. Axı, bahar elə qış yuxusundan ayılan təbiət və çoxlu sayda bayramlar- hər şeydən əvvəl Novruz bayramı və əlbəttə ki, məhəbbət və hətta dəlilik deməkdir... Mən baharın coşqun yaradıcılığa ilhamlandırdığı rəssamların yaradıcı hiddətini nəzərdə tuturam. İlin bu vaxtı bütün yaradıcı insanlar yeni parlaq ideyalarla dolu olurlar, onlar işləməyə hazırdırlar və gücləndirilmiş işləyirlər. Təəccüblü deyil ki, mövsümi layihəmizin məhz bahar etapında bizim iştirakçılarımız arasında hər il yeni adların sayı çoxalır.”
Sərgidə 150-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ - tətbiqi sənət əsərləri nümayiş olunurdu. Burada 50-dən çox yerli tanınmış və eləcə də çox gənc rəssamlar iştirak edirdilər. Əsərlər mövzu baxımından bir-neçə qrupa bölünürdü. Birinci zalda tamaşaçıları ölkəmizin müasir incəsənət üzrə daha çox tanınmış ustalarının əsərləri qarşılayırdı. İkinci zalda xalqımızın ən sevimli bayramı olan Novruz bayramının nikbin rəngləri tüğyan edirdi. Muzeyin iç-içə olan növbəti iki zalı isə baharın onlarsız təsəvvür edilə bilinmədiyi – gözəl rənglərə və gözəl qadınlara, beşinci zal isə bütövlükdə qrafikaya və dekorativ - tətbiqi sənətə həsr olunmuşdu.
Baharın carçıları coşqun, qalereyaya atdıqları ilk addımdan tamaşaçıların üzərinə hücum çəkən “Sevənlər” və “Qaçan qadınlar” əsərləri idi. Onların müəllifi Namiq Məmmədov kətandan, yağlı boyadan və qəzet qırıqlarından ibarət kollajın çətin texnikasından istifadə etmişdir. Eldar Qurbanovun əsərində burulğan Filarmoniya binasını buludlara aparır. Onun ardınca isə Eldar Babazadənin “Külək” əsərində qız şəhərin üstü ilə uçur.
Həyat və bahar rəngi olan qırmızı rəng Əmirulla İsrafilovun “Bələnmiş dəvə”, Emin Əskərovun böyük ölçülü “Cakuzi”, Vüqar Əlinin “Novruz” üçlüyündə, Nazim Məmmədovun qızğın “Güllər içərisində”, Leyla Nəsibovanın tünd qırmızı tonlarda olan “Kompozisiyalar”ında oynayır. Məlik Ağamalovun qlamur “Qızılı rəng üzərində qızıl güllər” əsəri qırmızı tonda parlayır. Qırmızı rəngin dəyişməz yol -yoldaşı olan qara rəng də nəzərə çarpmır, amma əbədi mövcudluğu ilə həyatın bu şadlığını kölgə altında qoyur. Bu həm də Elçin Bünyatovun “Kart” əsərində fal stolunun üzərindəki alaqaranlıqda və Nuranə Mirmövsümovanın “Uçuruma gedən yolda” əsərindəki qara kəpənəklərdədir...
İştirakçılar tərəfindən qadın mövzusu daha çox zərif lirizmlə verilmişdi. Bu, məsələn, Nairə Rüstəmovanın “nyu” seriyasında, İsa Məmmədovun “Güllər arasında qız”, Rəna Əmrahovanın “Məhəbbət” və sairə başqa əsərlərdə özünü biruzə verirdi. Amma qəhrəmanlığa da yer ayrılıb: buna sübut Sumqayıtlı rəssam Hicran Əliyevin “Mif” və “Atlantida” əsərləridir.
Qrafika baxımından Yusif Mirzənin çox da böyük olmayan xəfif rənglərlə bir bahar axşamında ay işığında at təsvir olunan “Əbədi” əsərini qeyd etmək lazımdır. Heykəltəraşlıqda isə ən əvvəl Məmməd Rəşidovun işləri diqqəti cəlb edirdi. Burada məsələ işlərin həcmində deyil, materialın qeyri- adiliyində idi. O, sübut etdi ki, daha çox buzu və ya suyu xatırladan sınmış şəffaf şüşədən hazırlanmış mozaika “qış” materialı deyil, o universaldır.
Tətbiqi sənətçilər içərisində isə artıq bu janrda tanınmış sənətkar Suğra Bağırzadənin floristikasını və eləcə də Səbinə Məmmədovanın əsas ornamenti şpaqat kəndirindən hazırlanmış bahar əhvali-ruhiyyəli “Zəncirotu” pannosunu vurğulamaq lazımdır. Bəs batikanın süzülən ipəyi olmadan hansı bahardan danışmaq olar? Elə bu baxımdan da, bu texnikada Nikolay Zaytsevin “İlğım” və Ayləl Məmmədovanın “Arzu ağacı” batikaları həddindən artıq yerinə düşüb.