Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin 90 illiyi münasibətilə kino-gecə
09.04.2010Akt Zalı
Vaxt: 17:00
Təşkilatçı: Dövlət Film Fondu
9 aprel, 2010-cu il tarixində Muzey Mərkəzinin Akt Zalında Azərbaycanın xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Leyla Bədirbəylinin 90 illiyi münasibətilə kino-gecə keçirilmişdir.
Leyla Bədirbəyli 1920-ci ildə Bakıda dünyaya göz açmışdır. Leyla xanım səhnəyə ilk dəfə 8 yaşında Bakıdakı Mərkəzi Kəndçi Evinin səhnəsində çıxmışdır. O, hələ yeniyetmə ikən Moskva rejissoru D.Vertovun «Lenin haqqında üç mahnı» sənədli filmində pioner qız rolunda çıxış etmişdir. 1937-1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir.
L.Bədirbəyli 1942-ci ildə professional teatr səhnəsinə gəlməzdən əvvəl «Dəcəl dəstə» (1937), «Səbuhi» (1941), «Sovqat» (1942) bədii filmlərində çəkilmişdir.
1945-ci ildə istehsal olunmuş «Arşın mal alan» kinokomediyasında yaratdığı Gülçöhrə obrazı Leyla xanıma dünya şöhrəti qazandırmışdır. Məhz bu filmdəki işinə görə o, 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Onun «Fətəli xan» və «Koroğlu» filmlərində oynadığı rollar təkcə sevimli ərlərinin incə və etibarlı arvadları deyil, həm də igid, cəsur məsləkdaşlarıdır.
L.Bədirbəylinin çəkildiyi filmlərin tematik dairəsi geniş, qəhrəmanları müxtəlifdir. O, 50-ə yaxın bədii filmdə, o cümlədən «Onun böyük ürəyi» (Xalidə), «Görüş» (Bilqeyis), «Dəli Kür» (Zərnigar), «Kölgələr sürünür» (Leyla), «Sevil» (Tafta), «Çarvadarların izi ilə» (Məfruzə), «Dərviş Parisi partladır» (Şəhrəbanu xanım), «Asif, Vasif, Ağasif» (nənə), «O dünyadan salam» (Kəblə Fatma) və s. kino əsərlərində çəkilmişdir. Leyla xanım ana və bacılarımızın, nənələrimizin obrazlarını özünəməxsus ustalıqla yaratmışdır.
Görkəmli teatr və kino aktrisası, gözəl insan Leyla Bədirbəyli xalq tərəfindən həmişə sevilən sənətkar, əsl xalq artisti idi.