Azərbaycan və SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 illiyinə həsr olunmuş kino-gecə
02.04.2010Akt Zalı
Vaxt: 16:00
Təşkilatçı: Dövlət Film Fondu
02 aprel, 2010-cu il tarixində Muzey Mərkəzinin Akt Zalında XX əsr milli teatr və kinomuzun ən görkəmli simalarından biri olan Azərbaycan və SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 illiyi münasibətilə kino-gecə keçirilmişdir.
Ələsgər Hacağa oğlu Bakıda yoxsul tacir ailəsində doğulmuş, ilk təhsilini Bakı realnı məktəbində almışdır. O, ilk aktyorluq fəaliyyətinə Əbilov klubunda başlamış, 1927-1930-cu illərdə Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində oxumuşdur. Hələ tələbə ikən Bakı Türk İşçi Teatrının səhnəsinə çıxan gənc Ələsgər istedadı və zəhməti ilə adi həvəskardan yüksək səviyyəli professional aktyora qədər yüksəlmişdir.
Ə.Ələkbərov 1930-1933-cü illərdə Tiflis Azərbaycan Teatrı və Gəncə Dram Teatrında, 1933-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyət göstərmişdir. Onun Milli Dram Teatrında ən böyük sənət qələbələri Otello və Vaqif obrazlarıdır. O, Vaqif rolunda 500 dəfədən çox səhnəyə çıxmışdır.
Aktyor bir sənətkar kimi kamilləşdikcə kinoda və teatrda bir-birinin ardınca müxtəlif səpkili, dərin məzmunlu obrazlar yaratmışdır.
Ə.Ələkbərovun çoxşaxəli yaradıcılığında ekran rolları xüsusi yer tutur. O, ilk dəfə «Vulkan üzərində ev» filmində Həsən rolunda çəkiləndə 17 yaşı var idi. Bundan sonra Ə.Ələkbərov «Lətif» (kolxoz sədri Qurban), «Altıncı hiss» (mühəndis), «Almaz» (Fuad), «Yeni horizont» (Aslanov), «Qara Daşlar» (İsmayılzadə), «Kölgələr sürünür» (Sərdarlı), «Ögey ana» (Hüseyn dayı), «Leyli və Məcnun» (Şeyx Əmir) filmlərində çəkilmişdir.
Görkəmli sənətkarın «Kəndlilər» (Aşıq Göydəmir), «Fətəli xan» (Fətəli xan), «Uzaq sahillərdə» (Ferrero), «Səhər» (Rəhim bəy), «Böyük dayaq» (Rüstəm kişi) filmlərində yaratdığı obrazlar Azərbaycan kino tarixində xüsusi yer tutur.
Parlaq istedada malik Ələsgər Ələkbərov 50 ilə yaxındır ki, aramızda yoxdur. Buna baxmayaraq qədirbilən xalqımız istedadlı oğlunu bu gün də sevir, onu məhəbbətlə yad edir, onun xidmətlərini yüksək qiymətləndirir.