31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş sərgi

30.03.2010 - 05.04.2010

Sərgi Qalereyası
Vaxt: 17:00
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

30 mart, 2010-cu il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açıldı.
Məlum olduğu kimi 1918-ci ilin mart ayının 31-i Azərbaycan xalqının tarixinə növbəti qanlı hadisələrdən biri kimi daxil olmuşdur. Bu tarix hamımıza yaxşı məlumdur. Həmin ağır günlərdə Erməni daşnak ordusu və bolşeviklərin silahlı cəza dəstələri Bakıda və ölkənin digər bölgələrində dinc Azərbaycanlı-türk əhaliyə divan tutmuş, xalqımıza qarşı əsl soyqırımı törədilmişdir.
Zaman-zaman xalqımızın başına gətirilən bəlalar şübhəsiz ki, bizim istedadlı insanlarımızı da daim təsirləndirir və onların yaradıcılığında dərin iz buraxır. Bu tarix Azərbaycan rəssamlarının əsərlərində də yaşayır. Onların əsas mübarizə vasitəsi sənətləri, qələmi və fırçasıdır. Bütün bunları nəzərə alaraq, cari ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə xüsusi elan verilmiş, Azərbaycan rəssamlarının 20 Yanvar faciəsi, Xocalı genosidi və 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş əsərləri toplanmışdır.
Bu ekspozisiyada 90-dan artıq müəllifin 100-dən çox əsəri cəmlənmişdi. Həmin əsərlərin ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük təşkil etsə də xalqımızın və ölkəmizin işıqlı sabahına ümid və inam hissi açıq ifadə olunur. 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən ümummilli bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarət olmuşdur.