“Günay” Uşaq teatrının təqdimatında “Məhəbbət hekayəsi” tamaşası

11.03.2010

Akt Zalı
Vaxt: 15:00
Təşkilatçı:“Günay” Uşaq teatrı Muzey Mərkəzinin “Rus muzeyi: virtual filial” İMM ilə birlikdə

2010-cı il, martın 10-da Muzey Mərkəzinin Akt Zalında “Günay” Uşaq teatrı “Məhəbbət hekayəsi” tamaşası ilə çıxış etdi. Tamaşa 10 mart - Azərbaycan Milli Teatr gününə həsr olunmuşdu. Azərbaycan teatr cəmiyyəti bu il Azərbaycanda teatrın 137-ci mövsümünü açdı. 1873-cü il, martın 10-da Bakıda Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əskər ağa Goraninin təşəbbüsü ilə Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilk dəfə səhnəyə çıxarılmışdır.
Bu gün “Günay”ın gənc aktyorları Azərbaycan teatrının ənənələrini davam etdirirlər. Tamaşanın sujetinin əsasında U. Şekspirin “Romeo və Culyetta” faciəsinin motivləri götürülüb. Ssenari müəllifi və tamaşanın rejissoru Larisa Tarusova olmuşdur.
2010-cu ildə Muzey Mərkəzi “Muzey uşaqlar üçün” ümumi başlığı altında müxtəlif aksiyalar keçirir. Buraya tematik mühazirələr, sərgilər, uşaq rəsm sərgiləri, tamaşalar, bayram tədbirləri və s.daxildir.
Bu tədbirlər arasında “Muzeydə teatr” silsilə tamaşaları xüsusilə yer tutur. Bu silsilə çərçivəsində “Günay” Uşaq Teatrının tamaşası və gənc aktyorların çıxışı xüsusi maraq doğurmuşdur. “Günay” Uşaq teatrı 2003–cü ildə Yaşıl Teatr Konsert kompleksinin Uşaq Estetik studiyası bazasında yaradılmışdır. O vaxtdan “Qran-Pri” mükafatına və diplomlara layiq görülən yeganə rusdilli uşaq teatrı Azərbaycanın və Bakının mədəni həyatında əsas yerlərdən birini tutur. 2003-cü ildən teatrın bədii rəhbəri və rejissoru Larisa Tarusovadır. Uşaqlar tez-tez müxtəlif müsabiqə və festivallarda iştirak edərək, öz istedadlarını nümayiş etdirirlər. Bu yaxınlarda “Günay” teatrı Fransanın Tuluza şəhərində keçirilən XXIII Beynəlxalq uşaq və yeniyetmə kollektivləri festivalında uğurla çıxış etmişdir. Uğurlu çıxışlarına görə tamaşanın bütün iştirakçıları diplomlarla mükafatlandırılmışlar. Teatrın repertuarında bir neçə maraqlı tamaşalar var: “Məhəbbət hekayəsi” , “Arşın mal alan”, “Şelkunçik”, “Balıqçı və qızıl balığın nağılı”, “Fars motivləri” və başqaları.