“Günay” Uşaq teatrının ifasında “Xocalı” tamaşası və Tofiq İsmayılov adına “Uşaq dünyası” rəsm qalereyasının sərgisi

26.02.2010

Akt Zalı
Vaxt: 14:00
Təşkilatçı: “Günay” uşaq teatrı, “Uşaq dünyası” studiyası Muzey Mərkəzi ilə birlikdə

25 fevral, 2010-cu il tarixində Muzey Mərkəzinin Akt Zalında “Günay” Uşaq teatrının ifasında “Xocalı” tamaşası nümayiş olunmuşdur. Tamaşa öncəsi Mədəniyyət və Turizm Nazirliyinin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev və Azərbaycanın Xalq rəssamı Arif Hüseynov giriş sözü ilə çıxış etmişlər.
2010-cu ildə Muzey Mərkəzi xüsusilə uşaqların öz asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə müxtəlif aksiyalar keçirir. “Muzey-uşaqlar üçün” adı altında təşkil olunan tədbirlərə tematik mühazirələr, uşaq rəsmləri sərgisi, tamaşalar, bayram çıxışları və s. daxildir.
Qeyd edək ki, “Muzeydə teatr” adlanan silsilə tədbirlər çərçivəsində “Günay” Uşaq teatrının gənc aktyorlarının ifasında müxtəlif tamaşalar nümayiş etdiriləcək.
Bu seriyadan ilk tamaşa 1992-ci ilin faciəli fevral hadisələrinin 18-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası idi ki, bu tamaşa da Zərəngiz Dəmirçi Qayalının “Cavab ver!” adlı poeması əsasında səhnələşdirilmişdi.
“Günay” Uşaq teatrı Yaşıl Teatr konsert kompleksinin Uşaq Gözəllik Studiyasının bazası əsasında 2003-cü ildə yaradılmışdır. “Qran-pri” mükafatına və müxtəlif diplomlara layiq görülmüş, yeganə rusdilli teatr olan “Günay” Uşaq teatrı nəinki Bakının, bütövlükdə respublikanın mədəni həyatında böyük rol oynayır. 2003-cü ildən teatrın bədii rəhbəri və rejissoru Larisa xanım Tarusovadır. Uşaqlar davamlı olaraq müxtəlif müsabiqə və festivallarda iştirak edirlər. Bu günlərdə “Günay” teatrı Fransanın Tuluza şəhərində təşkil olunmuş XXIII Beynəlxalq uşaq və gənclər kollektivlərinin festivalında çıxış etmişdir. Uğurlu çıxışına görə teatrın bütün üzvləri diplomlarla təltif olunmuşlar. Teatrın repertuarına bir sıra tamaşalar daxildir: “Məhəbbət hekayəsi”, “Arşın mal alan”, “Şelkunçik”, “Balıqçı və balıq haqqında nağıl”, “Fars motivləri” və s.
Bu ilin martında “Günay” Uşaq teatrı Muzey Mərkəzində “Məhəbbət hekayəsi” və “Arşın mal alan” tamaşaları ilə çıxış edəcək.
T.İsmayılov adına “Uşaq dünyası” qalereyasının Muzey Mərkəzinin Foyesində açılan rəsm sərgisi də Xocalı faciəsinə həsr olunmuşdu. Sərgidə yuxarı sinif şagirdlərinin 13 işi nümayiş olunurdu. Yeniyetmə rəssamlar həmin faciəli günlərin dəhşətini və bütün ağrı-acısını öz tablolarında əks etdirmişdilər.
Tamaşanın sonunda “Beşik” Uşaq nəşriyyatının nümayəndələri tərəfindən tədbirin bütün iştirakçılarına vətənpərvərlik mövzusunda “Şuşa”, “Azərbaycan bayrağı” və “Cavanşir qalası” adlı hekayə və nağıl kitabları paylanıldı.