Azərbaycanın kino və televiziya rejissoru Kamil Rüstəmbəyovun 85 illiyi münasibətilə kino-gecə

04.02.2010

Akt Zalı
Vaxt: 17:00
Təşkilatçı: Dövlət Film Fondu

3 fevral, 2010-cu il tarixində Muzey Mərkəzinin Akt Zalında Azərbaycanın görkəmli kino və televiziya rejissoru Kamil Rüstəmbəyovun 85 illiyi münasibətilə kino-gecə keçirilmişdir.
Kamil Aslan oğlu Rüstəmbəyov milli kino və televiziya tarixində özünəməxsus yeri olan sənətkarlarımızdandır. O, 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda K.Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışırdı. O, Azərbaycan televiziyasının ilk yaradıcılarından biri idi. Sonradan Kamil müəllim burada böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır.
1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun «Aygün» poeması üzrə eyni adlı tammetrajlı bədii film yaradıldı. Bu televiziya film-poemanın quruluşçu rejissoru Kamil Rüstəmbəyov idi. Bundan sonra o, telestudiyada «Zəncirlənmiş adam» bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.
1966-cı ildə K.Rüstəmbəyov C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasına işə dəvət olunmuş, burada o, «Dağlarda döyüş», «Axırıncı aşırım», «Dərviş Parisi partladır» (Ş.Mahmudbəyovla birgə), «Gözlə məni» bədii filmlərinə, «Mahnı qanadlarında» film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. «Axırıncı aşırım» kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan A.İsgəndərov (Kərbəlayi İsmayıl) və H.Məmmədov (Abbasqulu bəy) ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər.
Kinorejissor K.Rüstəmbəyov 1991-ci ildə vəfat etmişdir.