«Qadın baxışı» adlı sərgi və «Azərbaycan qadını» jurnalının təqdimatı
23.01.2010 - 27.01.2010Sərgi Qalereyası
Açılış mərasiminin tarixi: 22 yanvar, saat 17:00
Sərginin təşkilatçısı və sponsoru: “Azərbaycan qadını” jurnalı
2010-cu il, 22-26 yanvar tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycanın qadın fotoqraflarının yaradıcılığının təbliğinə həsr olunmuş fotosərgi keçirilmişdir. Sərgidə 14 ən uğurlu müasir foto ustasının 100-dən artıq əsəri nümayiş etdirilirdi.
Bir vaxtlar fotoqrafiya incəsənət növü kimi nəinki qəbul olunmurdu, hətta qadınları fotoqraf ustaları kimi qəbul etməkdən ümumiyyətlə imtina edirdilər. Lakin dünya tənqidçiləri və sənətşünaslar 21-ci əsri video-instalyasiya və fotoqrafiya əsri adlandırdılar. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da qadınların sosial və siyasi fəallığının artması müşahidə olunmaqdadır. Son 10 il ərzində ölkəmizdə qadın fotorəssamlar ordusunun meydana gəlməsi də bu fəallığın bariz nümunəsi kimi çıxış edir.
«Azərbaycan qadını» jurnalı ilə oxşar ada malik foto-vernisaj, peyzajdan tutmuş portretə qədər janr müxtəlifliyinin bütün diapazonlarını əhatə edən əsərlərlə diqqət çəkirdi. Ekspozisiyanın özəlliyi onda idi ki, süjetlərin qəhrəmanları da, əsərlərin müəllifləri də qadınlar idi. Fotosərgi fotomaterialın təqdimində özünəməxsus eksklüziv baxış və yanaşma tərzini əks etdirirdi.
Qadın fotoqraflarımızın təqdim olunan əsərlərində incə bədii duyum, xəyal gücü və foto ilə şəkil çəkməyin başlıca prinsipləri arasında dərin vəhdət kifayət qədər aydın ifadəsini tapırdı.