“Azərbaycan adət-ənənələrində gender rolları” adlı sərgi və kitab təqdimatı

12.01.2010

Sərgi Qalereyası
Təşkilatçı: Rasional inkişaf uğrunda qadın assosiasiyası

Bu gün Azərbaycanda idarəetmə və qərarvermə proseslərində qadın iştirakçılığı zəifdir, gender tarazlığının pozuntusu bir çox sahələrdə qabarıq şəkildə təzahür edir. Lakin bu günkü zəifliklər ölkənin keçmişinə, yoxsa məhz bu gününə bağlıdır? Bizim milli dəyərlərimizdə gender əsaslı ədalətsizlik varmı? Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Azərbaycandakı İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi 10 aylıq layihəsinin əsas məqsədi bu suallara cavab tapmaq niyyəti ilə Azərbaycan adət və ənələrində gender rollarını araşdıraraq mühüm nəticələrə gəlmək idi.
İki mövzunu – gender və mədəniyyəti – özündə birləşdirən “Azərbaycan adət-ənənələrində gender rolları” adlı layihə 01 mart-31 dekabr, 2009-cu il tarixində keçirilmiş; eyni adlı kitab və sərgi ilə nəticələnmişdir. Layihənin müəllifi və rəhbəri RİQC sədri Şəhla xanım İsmayılova olmuşdur. Layihənin son nəticəsi olan “Azərbaycan Adət-Ənənələrində Gender Rolları” adlı kitab (azərbaycan və ingilis dillərində) milli və mənəvi kimliyimiz, özəl keyfiyyətlərimiz, ictimai münasibətlər toplumuz və ailə dəyərlərimiz haqqında diqqət çəkən gerçəklər sərgiləməklə yanaşı, Azərbaycanda qadın hüquqlarının möhkəmlənməsinə və gender bərabərliyinə, Azərbaycan qadının ailədə və cəmiyyətdə əvəzsiz rolunun vurğulanmasına və stereotiplərin aradan qaldırılmasına xidmət edir. Geniş auditoriya kütləsi üçün nəzərdə tutulmuş bu kitab akademik müəssisələr, kütləvi informasiya vasitələri, tədqiqat institutları, dövlət qürumları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar, bir sözlə, gender və mədəniyyət mövzusunda çalışan hər bir kəs üçün mükəmməl təbliğat və maarifləndirmə vasitəsidir. KItabın heyətinə yazıçı Mehriban xanım Vəzir (müəllif), folklorşünas və fəlsəfə doktoru Afaq xanım Xürrəmqızı (elmi redaktor), filologiya elmləri namizədi Təranə xanım Mahmudova (bədii redaktor), Fuad bəy Axundov (tərcüməçi), həmçinin M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafları Azadə xanım Novruzova və Yasəmən xanım Sadıqova daxildir.
Sərgi – “Azərbaycan adət-ənənələrində gender rolları” adlı kitab üçün məxsusi çəkilmiş şəkillərin nümayişinə həsr olunubdur. Layihəyə RİQC tərəfindən cəlb olunmuş gənc istedadlı rəssam Nərminə Vəliyeva bütün şəkilləri mövzuya uyğun olaraq yaratmış, Azərbaycan folklorunu və milli koloriti əsərlərində əks etdirə bilmişdir. Sərgi 11 yanvar, 2010-cu il tarixində Muzey Mərkəzinin (Neftçilər prospeti 123a) Sərgi Qalereyasında keçirilmiş, adı çəkilən kitabın təqdimatı həmin məkanda təşkil olunmuşdur.