Səttar Bəhlulzadənin 100 illiyinə həsr olunmuş gənc rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə
27.11.2009Sərgi Qalereyası
Keçirilmə günləri: 26, 29, 30 noyabr 2009
Təntənəli açılış: 26 noyabr 2009, saat 16:00
Təşkilatçı: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında 15 sentyabr, 2009-cu il tarixindən xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş “Lirik mənzərə” mövzusunda elan etdiyi müsabiqə yekunlaşmışdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaradıcı gənclərin Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunmasında geniş iştirakının təmin edilməsi, gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının və bədii irsinin təbliğinin genişləndirilməsi və Azərbaycan təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi, gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarət idi. Yaşı 16-29 olan gənclər arasında keçirilən bu müsabiqəyə 130-dan çox gənc qatılmışdı. Müsabiqənin şərtlərinə uyğun olaraq iştirakçılar tərəfindən təqdim edilən rəsm əsərləri təsviri sənətin rəngkarlıq və qrafika janrlarının müxtəlif texnikalarında işlənmişdi. Ümumilikdə gənc rəssamlar tərəfindən müsabiqəyə 200-dək rəsm əsəri təqdim edilmişdi.
Müsabiqə Səttar Bəhlulzadənin yaradıcılığına ithaf edilmiş və “Lirik mənzərə” mövzusu üzrə aparılmışdır. Məhz lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının əsasını təşkil etdiyi üçün müsabiqədə bu janra üstünlük verilmişdi.
Müsabiqə qaliblərinin müəyyənləşdirilməsi tərkibi Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş Münsiflər Heyəti tərəfindən həyata keçirildi. Münsiflər heyətinin tərkibinə Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Rəssamlar İttifaqının gənc rəssamlar və sənətşünaslar birliyinin sədri Əsmər Nərinanbəyova, sənətşünas Lalə Eldarova, rəssam Namiq Məmmədov, rəssam Elnur Mahmudov daxil idi.
Münsiflər heyəti tərəfindən hər iki nominasiya – rəngkarlıq və qrafika nominasiyasında I, II və III yer üzrə qaliblər seçildi. Bundan əlavə 6 gənc rəssam həvəsləndirici diplomlarla təltif olundu. Rəngkarlıq nominasiyasında Haqverdiyev Butunay I yer, Həsənov Elnur II yer, Talıbov İlqar III yer, qrafika nominasiyasında isə Məmmədova İnarə I yer, İbrahimova Leyla II yer, Rzayeva Nərminə III yer üzrə qalib elan edildilər. Qeyd edək ki, müsabiqədə iştirak edən rəsm əsərləri sərgiyə həsr olunmuş kataloqda nəşr edilmişdir.
Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması noyabr ayının 26-da saat 16.00–da Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilən yekun sərgidə elan edildi. Müsabiqə qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafatlar, hədiyyə və Fəxri Fərmanlar ilə təltif edildilər. Sərgi 3 gün davam etmişdir.