«Aşıq sənəti və Novruz Bayramı» layihəsi üzrə fayl, kitab və disk təqdimatı

04.12.2009

Akt Zalı
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsi

Azərbaycan Aşıq sənəti və Novruz bayramı 2009-cu ilin 28 sentyabr–02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun qeyri–maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı YUNESKO-nun qeyri–maddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir çox təbliğat tədbirləri aparılmışdır. 2009-cu il, martın 29-da Fransanın “Maison des Cultures du Monde” assosiasiyası və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində Parisin məşhur Luvr muzeyində aşıqların konserti keçirilmişdir. Bu assosiasiya ilə birgə aşıq sənətinə həsr olunmuş CD buraxılmışdır. Yenə də 2009-cu il, martın 30-da Strasburq Konservatoriyasının konsert zalında növbəti aşıq musiqisi konserti keçirilmişdir. Qeyd edək ki, aşıqlarımız bu ilin noyabrında həm də Böyük Britaniyanın London, Brayton, York, Nyukasl, Kornuel kimi böyük şəhərlərinin zallarında çıxış ediblər. Ölkə daxilində də Aşıqlar Birliyinin fəaliyyəti canlandırılmış, çoxsaylı dəyirmi masalar keçirilmişdir.
Xalqımızın əziz bayramı olan Novruz bayramı isə Azərbaycanla yanaşı bir çox ölkələrdə də qeyd olunur və bu səbəbdən YUNESKO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısına Azərbaycan, Hindistan, İran İslam Respublikası, Qırğızıstan, Özbəkistan, Pakistan və Türkiyənin beynəlmiləl bayramı kimi daxil edilmişdir. Eyni zamanda Novruz bayramının dünyada daha da çox tanıdılması üçün və Beynəlxalq Novruz Gününün qeyd edilməsi üçün Xarici İşlər Nazirliyi tərəfindən çoxsaylı tədbirlər görülür.
Gələn il YUNESKO-nun qeyri–maddi mədəni irsin reprezentativ siyahısına Azərbaycan xalçaçılığı ilə bağlı namizədlik faylı təqdim olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyi bütün bu tədbirlərin davamı olaraq 2009-cu il, 3 dekabr tarixində Muzey Mərkəzində Azərbaycan aşıq sənəti və Novruz bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kitabça və kompakt disklərin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə dövlət qurumlarının nümayəndələri, AMEA-nın əməkdaşları, ziyalılar, xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri iştirak etmişlər.