I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı çərçivəsində yekun sərgi
25.12.2009 - 01.01.2010Sərgi Qalereyası
Açılış mərasimi: 24 dekabr
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi
I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, bu sahədə qazanılan uğurların ictimaiyyətə geniş təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanması, milli mənəvi dəyərləri kompleks halında özündə birləşdirən dekorativ sənət növlərinin təbliği və qorunması, bölgələrdə mədəni mühitin daha da canlandırılması məqsədi ilə keçirilmişdir. Festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri aşağıdakı əsas növlərə ayrılırdı: xalçaçılıq, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma). Festivala hazırlıq işləri 2009-cu ilin fevral ayında başlanmış, 2009-cu ilin aprelin 1-də Gəncə şəhərində bölgənin 14, may ayının 1-də Lənkəranda bölgənin 12, mayın 15-də Şəkidə bölgənin 12, mayın 30-da Xaçmazda bölgənin 8 rayonunun, sentyabr ayının 24-də Sumqayıtda Sumqayıt və Abşeron rayonunun, noyabr ayının 3-də Bakı şəhərinin xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət regional sərgilər keçirilmişdir. 2009-cu il, dekabrın 24-də Muzey Mərkəzinin Sərgi Qalereyasında açılan sərgi isə festivalın yekun sərgisi idi. Bu sərgidə artıq regional mərkəzlərdə keçirilmiş sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunurdu.
Respublikanın bütün şəhər və rayonlarını əhatə edən Festivalın bağlanışından sonra yekun sərgidə nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaqdır.