“Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi “Apokalipsis və ya ümumi harmoniya?”

13.12.2009 - 19.12.2009

Sərgi Qalereyası, Akt Zalı
Açılış mərasimi: 12 dekabr
Təşkilatçı: Mədəniyyət və Turizm Nazirliyinin təsviri incəsənət şöbəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu il, dekabr ayının 11-dən 18-dək Bakı şəhərində "Alüminium" IV Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilmişdir. Biennalenin sponsorları - AZAL, Azerbaijan Electroniks, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, ABŞ, Fransa, İsveçrə və Hindistan səfirlikləri, o cümlədən bir sıra beynəlxalq fond və təşkilatlar.
Ənənəvi olaraq hər iki ildən bir təşkil olunan bu beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində müasir incəsənət sahəsində baş verən əsas prosesləri tamaşaçılara təqdim etmək və Azərbaycanda müasir incəsənət növlərinin inkişaf səviyyəsinin və bu sahədə çalışan rəssamların yaradıcılığının təbliğindən ibarətdir. Biennale artıq dördüncü dəfə təşkil olunurdu. Bu il təşkil olunan silsilə sərgilərdə 20 ölkədən (ABŞ, Rusiya, Niderland, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Norveç, Böyük Britaniya, Fransa, Hindistan, İtaliya, Türkiyə, Finlandiya, Gürcüstan, Litva, İsveçrə və d. ölkələr) 50-dək tanınmış müasir incəsənət ustası, sənətşünaslar, kuratorlar iştirak etmişdir.
Biennalenin direktoru - Azərbaycanın əməkdar incəsənət xadimi Leyla Axundzadə. Kurator - sənətşünaslıq namizədi Dilarə Vahabova.
Bir həftə ərzində Bakı şəhərində demək olar ki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil olunmuşdur. Biennalenin konsepsiyasında deyilir ki, qədim zamanlardan müxtəlif sivilizasiyalar bir neçə seçilmiş müqəddəslər tərəfindən kəşf olunmuş gizli biliklərə sahib idilər. Onların vəzifəsi gizli mətləbləri gələcək nəsillərə ötürməkdən ibarət idi. Kahinlər, rahiblər, astroloqlar və gələcəyi görənlər bütün bəşəriyyət üçün həyati vacib informasiyaların sirrini qədim yazılarında şifrələmişlər ki, uzaq gələcəkdə kimsə, nə vaxtsa, lazımi zamanda bu mətnləri oxusun və aydın başa düşsün. Biz dönüş zamanında yaşayırıq. Getdikcə gizli biliklər insanlığa daha çox məlum olur. Alimlər, yazıçılar, astroloqlar, filosoflar, geofiziklər müxtəlif mənbələrə istinad edir, müxtəlif arqumentlər gətirərək bizim şüurumuzu təkidlə 2012-ci il tarixinə fiksasiya edirlər. Bu nədir? Sonluğun başlanğıcı? Yeni eranın başlanğıcı? Apokalipsis və ya ümumi harmoniya? Bu gün texniki tərəqqi sanki hec bir sərhəd tanımır.Ən yeni texnologiyalar ən sınanmış mütəxəssisləri belə heyrətləndirir. Bəli,bizim dünyamız əsaslı şəkildə dəyişilir,bəs biz özümüz necə?Biz üçüncü minilliyin insanları necəyik? Daha çox sentimental olmağa başlayan itaətkar robotlarıqmı?Başqalarının tərtib etdiyi alqoritmlərlə yaşayan hissiyyatsız zombilərikmi?Yoxsa hələki yalnız öldürməyə deyil,həm də sevməyə, təkcə can almağa deyil,eyni zamanda onu bəxş etməyə,dağıtmağa deyil, həmçinin yaratmağa qadir canlı varlıqlarıq...Bu sərgilər həmin konsepsiyanın reallığa çevrilməsi idi.
Açılış mərasimi Şirvanşahlar sarayında keçirildi. İçərişəhərdəki sərgi qalereyalarında sərgilərin açılışı da dekabrın 11-də oldu. Tədbirlər əsasən "Yaradan", "AtsGroup","Yeni Gallery" qalereyalarında təşkil olundu.
Dekabrın 12-də Muzey Mərkəzinin Sərgi Qalereyasında müxtəlif ölkələrdən olan 8 rəssamın iştirakı ilə sərgi açıldı: Jacques Crenn -"Mələklər və iblislər" (fotosessiya), Vibha Galhotra, Soodi Sharifi, Kote Jincharadze, Gaisha Madanova (binoklla çəkilmiş fotosessiya), Ibrahim Guraishi (instalyasiya, video-film, performans), Kristina Koskontela, (Abşeronun neftli torpağı - instalyasiya), Fərhad Fərzəliyev ("Satın alınmış ölüm" - instalyasiya).
Dekabrın 13-də Bakı Zooparkında İnstalyasiya layihəsinin təqdimatı oldu. Sonrakı tədbirlər Müasir İncəsənət Mərkəzində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, "Abşeron" qalereyasında,V.Səmədova adına sərgi salonunda davam etdirildi. Silsilə tədbirlər zamanı "İncəsənət təcrübəsi bu gün" adlı konfrans təşkil edildi. Eyni zamanda Muzey Mərkəzində "Çərçivələrdən kənar" adlı kitabın təqdimat mərasimi də keçirildi.