Azərbaycanda İordaniyanın mədəniyyət günləri çərçivəsində foto, milli geyimlər və tətbiqi incəsənət sərgisi və film nümayişi
20.10.2009 - 22.10.2009Dairəvi Zal
Akt Zalı
Sərgi Qalereyası
Açılış mərasiminin vaxtı: 20 oktyabr 12:00
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Məlum olduğu kimi, Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan edilmişdir.
Məhz bununla əlaqədar olaraq il ərzində şəhərimizdə beynəlxalq konfranslar, simpoziumlar, islam dünyası ölkələrinin mədəniyyət günləri çərçivəsində müxtəlif mədəni tədbirlər keçirilir. 20-22 oktyabr, 2009-cu il tarixində Muzey Mərkəzində keçirilmiş İordaniya mədəniyyəti həftəsi də bu istiqamətdə keçirilən tədbirlərdən biri idi.
Təntənəli açılış mərasimi 20 oktyabr, 2009-cu il, saat 12:00-da Muzey Mərkəzinin Dairəvi Zalında baş tutmuş İordaniya mədəniyyəti həftəsinə Sərgi Qalereyasında təşkil olunan əl işləri, təsviri sənət və foto sərgisi ilə start verildi. Açılış mərasimində İordaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Adel Mohammad Adailex, İordaniya nümayəndə heyətinin rəhbəri Suheyr əl-Hadidi, İordaniya Mədəniyyət Nazirliyinin mədəni əlaqələrin mübadiləsi şöbəsinin müdiri, xanım Rəna Abdulla əl-Hicaiyyə, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini, cənab Ədalət Vəliyev və digər rəsmi şəxslər, o cümlədən müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Qeyd edək ki, sərgidə iordaniyalı rəssamların 49 əsəri və 30 foto işi sərgilənirdi. Proqramın ilk günündə İordaniyanın kino şirkətlərinin istehsalı olan qısa metrajlı “İordaniya möcüzəsi” və “Mənim cihadım” adlı filmlər nümayiş olundu. Eyni zamanda tamaşaçılara bu ölkənin milli geyimləri təqdim edilməklə yanaşı, “Ət-Tafilə dağları” mahnı-rəqs qrupu öz əsrarəngiz çıxışı ilə şəhər sakinlərinin və qonaqların qarşısında çıxış etdilər.
Mədəniyyət həftəsi boyunca ziyarətçilər İordaniyanın adət-ənənəsini, milli xüsusiyyətlərini özündə əks etdirən ekspozisiyaları gəzməklə bərabər, “Yenidən dirilmə”, “Mənim şəhərim”, “Ehtiyatlı ol, qarşında şərh var”, “Mən Qəzzayam”, “Rahatlıq” kimi filmlərə baxdılar.