TÜRKSOY-un foto və təsviri incəsənət sərgisi
16.10.2009 - 18.10.2009Sərgi Qalereyası
Təşkilatçılar: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
2009-cu il, oktyabrın 14-dən 18-dək Muzey Mərkəzinin Sərgi Qalereyasında TÜRKSOY-un təşkilatçılığı ilə türk dilində danışan ölkələrin rəssam və fotoqraflarının işlərindən ibarət foto və rəngkarlıq sərgisi açılmışdır.
1998-ci ildən bəri TÜRKSOY tərəfindən hər il təşkil olunan “Rəssamların Görüşməsi” sərgisi, TÜRKSOY-a üzv olan 14 ölkədən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Tatarıstan və digər ölkələrin mədəniyyət nazirləri səviyyəsində seçilən ayrı-ayrı rəssamların iştitrakı ilə keçirilir. Bu tədbirlərin təşkil olunduğu son 10 il ərzində rəngarlıq ustalarının 625 işi ərsəyə gəlmişdir ki, həmin əsərlər də Türkiyə və Avropanın müxtəlif şəhərlərində keçirilən sərgiləri bəzəmişdir.
Türkdilli ölkələrin bir-birinə mədəni və həm də siyasi-iqtisadi yaxınlaşmasının başlıca amillərindən biri olan belə bir tədbirin – sərginin keçirilməsi bu dəfə gündən-günə gözəlləşən və dünya ölkələrinin qardaşlaşmış şəhərinə çevrilən paytaxt Bakımıza nəsib olmuşdu. TÜRKSOY-un baş direktoru Düsen Kaseinov da sərginin oktyabrın 16-da baş tutan rəsmi açılışında iştirak etmək üçün şəhərimizə təşrif buyurmuşdu. Tədbirdə TÜRKSOY-a üzv dövlətlərin mədəniyyət nazirləri, o cümlədən hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un dönəm koordinator-əlaqələndiricisi kimi çıxış edirdi.
“Rəssamların Görüşməsi” sərgisində TÜRKSOY-a üzv olan ölkələrdən 16 rəssamın 32 əsəri, o cümlədən foto ustalarının 67 işi nümayiş etdirilirdi.