Fərid Xayrulinin “Bakı dünən, bu gün...” adlı fərdi foto-sərgisi
08.12.2007 - 10.12.2007Fərid Xayrulin – ölkəmizdə foto incəsənətinin dahilərindən biridir. Yəqin ki, ölkədə elə bir insan yoxdur ki, onun əsərlərindən heç olmasa birini görməsin. O, məşhur şəxsiyyətlərin portretləri, heyrətamiz mənzərə şəkilləri, kəskin aktual publisistika və sayrı kimi bir çox janrlara müraciət edir. Fərid Xayrulin hal-hazırda Azərbaycan Jurnalistlər İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. O, “Humay” və “Qızıl Arqus” mükafatları, həmçinin Zərdabi adına mükafatın laureatı və bir çox nüfuzlu foto müsabiqələrin diplomçusudur. Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətində çalışan foto jurnalist Fərid Xayrulin məşhur yerli və xarici nəşriyyatlar və məlumat agentlikləri ilə əməkdaşlıq edir. Onun işləri Böyük Britaniyanın XİN-in ekologiya departamentini, həmçinin Almaniyada, İsraildə, Rusiyada, ABŞ-da və digər ölkələrdə şəxsi qalereyaları bəzəyir.
2007-ci il, 7-9 dekabr tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında etdiyi yeni şəxsi Fərid Xayrulinin “Bakı dünən, bu gün...” adlı fərdi foto-sərgisi keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmiş tədbirin sponsorları ADEC, BAKOND, A+A, Nar Mobile, AF-group şirkətləri idi.
Ekspozisiyaya 100 şəkil daxil idi və sərginin adındakı “dünən” sözü heç də uzaq keçmişi ifadə etmirdi. Bu vernisajda köhnə şəkillərdən ikisi nümayiş etdirilirdi: bu müəllifin 1982-ci ildə çəkmiş olduğu Bakının panoraması və şəkillərdən göründüyü kimi son bir neçə ildə şəhərin necə çox dəyişilməsinə görə artıq tarix kimi görünən 2001-ci ildə çəkilmiş şəkil.
Bakını bürüyən tikinti dalğasının coşqun sürətini foto şəkillər vasitəsilə çatdırmaq bu vernisajın məqsədlərindən biri olmuşdur.
Vernisajın baş kompozisiyası sərginin mənasını geniş ifadə edirdi: ön planda “keçmiş” Bakı üçün səciyyəvi olan adi “italyan” sayağı həyət, arxa planda isə Təzə bazarın qarşısında ucalan nəhəng gözəl yeni tikililər. Həyətin üzərinə kölgə düşüb, sanki o, keçmişin qaranlığına çəkilir, yeni binaların saysız hesabsız mərtəbələri isə günəşin şüaları altında parlaq işıqlandırılır. Bu simvolikdir, çünki sərginin məqsədi gözəl binaların sayının artırılmasını, öz əsrini yaşamış tikililərin göz önündə dəyişilməsini önə çəkərək pozitiv xarakter daşıyır. Fotoqraf şəhərin mərkəzində insanların darısqal şəraitdə yaşadıqları belə küçələrin hələ də olmasına qarşı çıxır. Məhz buna görə də o, öz fərdi sərgisində nümayiş etdirilən əsərlərinin əksəriyyətində, şəhərin əsil bəzəyi olan ən orijinal layihələri seçərək yeni binaların gözəlliyini və müxtəlifliyini əks etdirmişdir. Bununla belə müəllif tikinti dalğasının çatışmazlıqlarını inkar etmirdi. Köhnə dalanların və dar döngələrin şəkilləri ilə yanaşı, foto jurnalist tərəfindən müəyyən rakursda verilmiş həmin dar küçələrdə tikilmiş və nəhəng göydələnləri xatırladan (düşünülmədən, heç bir genişlənmə olmadan tikilmiş) uca binaların əks olunduğu şəkillər də olmuşdur.
Şəkillərin birində o, köhnə bir mərtəbəli evin dağıntıları və onun qarşısında ucalan yeni bina arasında kontrastı göstərmişdir. Dağıntılar arasından qoca, yarı qurumuş ağac ucalır – onun qurumuş budaqları sanki keçmişdən yapışırlar və onu buraxmaq istəmirlər... Digər kontrastlar da vardı, məsələn, məscidlər və yeni binalar. Və ya “İsmailiyyə” qala divarları və “Monolit”in arxasında “alümin” high-tech bina. Bunlar artıq sadəcə kontrast deyil, əsrlərin müqayisəsidi.
Əlbəttə ki, bu vernisajda nümayiş etdirilən bütün şəkillər “qarşılaşdırma” xarakteri daşımırdı. Onların bəzilərində sadəcə şəhərimizin gözəl yerləri və görünüşü əks olunmuşdu. Bunlara həm qədim arxitektura binaları, həm də tamamilə müasir tikililər və yeni cildə salınmış köhnə binalar daxildi.
Fərid Xayrulinin əsərlərində rənglər mühüm rol oynayır. Məsələn, Milli bankın qara-qızılı koloritli şəkli tamaşaçıya ölkənin rifahının əsasını “qara qızıl” da görməyə əsas verir.
Bütün bunlarla yanaşı, foto rəssam Fərid Xayrulin tamaşaçıya birmənalı fikir vermir, öz fikrini zorla qəbul etdirməyə çalışmır. «Mən sadəcə mənim üçün nəyin maraqlı olduğunu, nəyə qarşı etinasız olmadığımı göstərirəm. Nəticələri isə qoyun tamaşaçılar özləri çıxarsınlar».