Azərbaycanın birinci kinoaktrisası İzzət Orucovanın 100 illiyinə həsr olunmuş kino gecə
07.10.20097 oktyabr, 2009-cu ildə Muzey Mərkəzinin Akt zalında ilk azərbaycanlı kinoaktrisa İzzət Orucovanın 100 illiyinə həsr olunmuş kino-gecə keçirilmişdir. Hərdən düşünürəm: “Məni ilk Azərbaycan kino aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən bu düzgündürmü? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam, yox – mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Bunlar mənim müasirlərim, demək olar ki, yaşıdlarım idi...” Bu sözləri vaxtilə “Sevil” (1929) və “Almaz” (1936) bədii filmlərində baş rolları ifa etmiş Azərbaycanın ilk milli kino aktrisası, görkəmli kimyaçı alim, akademik İzzət Orucova söyləmişdir. İzzət xanımın həyat yolu insan taleyinin iki ən mühüm sahəsi ilə - incəsənətlə və elmlə bağlıdır.
Orucova İzzət Mirzəağa qızı 1909-cu ildə Bakıda dünyaya göz açmışdır. Onun sonrakı həyatının özü bir kino idi. Cəhalətin hökm sürdüyü keçən əsrin 20-ci illərində azərbaycanlı qızın təhsil alması, oxuyub mühəndis olması Şərq mühitində görünməmiş hadisə idi. Üstəlik tələbə qızın filmə çəkilməsi, baş rolda oynamsı əsl möcüzə idi.
İ. Orucovanı kino üçün böyük axtarışlardan sonra görkəmli dramaturq Cəfər Cabbarlı kəşf etmişdir. İzzət xanım xatirələrində bu barədə belə yazır: “Filmin rejissorları A. Beknazarov və Cəfər Cabbarlı idi. Amo Sevil rolunun ifasını Nora Arzumanova adlı bir qıza tapşırmaq istəyirdi. Lakin C. Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin baş rolunda azərbaycanlı qızı çəkilməlidir...” Beləliklə, İ. Orucova “Sevil” filmində baş rola çəkilir və böyük uğur qazanır. Bundan ruhlanan dramaturq özünün eyni adlı pyesi əsasında “Almaz” kinossenarisini yazır.
Kinostudiyanın rəhbərliyinə bildirir ki, filmə özü quruluş verəcəkdir. O, baş rola – Almaz roluna yenə İzzət Orucovanı təsdiq edir. Lakin amansız ölüm Cəfər Cabbarlıya öz arzusunu həyata keçirməyə imkan vermir. Onun bu arzusunu həmkarları həyata keçirirlər. İzzət xanım Almaz obrazını ekranda müvəffəqiyyətlə yaradır. Bundan sonra gənc aktrisa kinodan uzaqlaşır və həyatını bütünlüklə Azərbaycan elminin inkişafına sərf edir.