Xalq artisti Məmmədrza Şeyxzamanlının 95 illiyinə həsr olunmuş kino gecə

23.09.2009

23 sentyabr, 2009-cu ildə Muzey Mərkəzinin Akt zalında Azərbaycanın xalq artisti, Respublika Dövlət mükafatı laureatı, görkəmli teatr və kino aktyoru Məmmədrza Şeyxzamanovun 95 illiyi münasibətilə kino-gecə keçirilmişdir. Aktyor 1915-ci ildə Gəncədə anadan olmuşdur. Varlı ailədə göz açıb böyüdüyü üçün ata-baba mülkləri əllərindən alınmış, gənc aktyor Məmmədrza ailəsi ilə birgə Qazaxıstana sürgün edilmişdir. Ağır sürgün həyatından sonra Gəncəyə qayıdan M.Şeyxzamanov bir müddət Gəncə Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmiş, 1954-cü ildə rejissor A.İsgəndərovun dəvəti ilə o, Bakıya gəlib Azərbaycan Dövlət Akademik Dram Teatrında ta ömrünün sonuna kimi işləmişdir.

M.Şeyxzamanov teatrda müxtəlif tamaşalarda oynamaqla yanaşı kinoda da filmlərə çəkilir, radio və televiziyada çıxış edirdi. O, kinoda ilk dəfə «Bəxtiyar» musiqili kinokomediyasında çəkilmiş və professor Rəcəbov rolunu ifa etmişdir. Bundan sonra Məmmədrza müəllim «Qızmar günəş altında» filmində Əmir, «Bir qalanın sirri» film-nağılında həkim Eldostu, «Onu bağışlamaq olarmı?» melodramında polkovnik Qurbanov, «Leyli və Məcnun» film-dastanında pirani dərviş, «Böyük dayaq»da raykom katibi Şərifoğlu və s. filmlərdə irili-xırdalı rollarda oynamışdır.

«Əhməd haradadır?» kinokomediyasındakı Şirin kişi, «Liftçi qız»dakı rəssam, «Gilas ağacı»ndakı Qulam baba, «Nəsimi»dəki Şeyx Əzəm, «Tütək səsi»ndəki İsfəndiyar kişi, «Qızıl uçurum»dakı Qurban kişi M.Şeyxzamanovun ən maraqlı kino işləridir.

Xalq artisti M.Şeyxzamanov 1984-cü ildə 69 yaşında vəfat etmişdir.