I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
10.09.2009 - 12.09.2009İlk dəfə Azərbaycanda 2009-cu il, sentyabrın 10-dan 13-ə qədər Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində I Bakı Beynəlxalq Kitab sərgi-yarmarkası keçirildi. Azərbaycanda ilk dəfə keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışında baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev iştirak edirdilər. Sərginin açılışına toplaşan insanlar arasında dövlət rəsmiləri, xarici ölkələrin nümayəndələri, yazıçılar, xarici və yerli nəşriyyat işçiləri, KİV nümayəndələri, aktyorlar, musiqiçilər, kitabxana işçiləri, sadə insanlar və s. vardı.
Muzey Mərkəzinin qarşısındakı bayram əhval-ruhiyyəsi təkcə binanın sütunları üstündən asılmış bayraqlardan və tədbirin adı yazılmış iri lövhədən deyil, həm də insanların çöhrəsindən, onların rəftarından hiss olunurdu. E.Əfəndiyev də tədbiri bir bayram əhval-ruhiyyəsi ilə açdı. Bildirdi ki, Azərbaycan xalqı daim kitaba məhəbbət, hörmət və ehtiram hissi ilə yanaşmışdır. “Kitabi-Dədə Qorqud”dan tutmuş bu günümüzə qədər xalqımız və onun qabaqcıl ziyalıları kitaba müqəddəs bir “varlıq” kimi baxmışlar. Azərbaycana rəhbərliyinin bütün dövrlərində ümummilli liderimiz Heydər Əliyev kitablara, onların çap edilərək gənc nəslə çatdırılmasına daim diqqət və qayğı ilə yanaşmışdır. Son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Bu işlər Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il, 12 yanvar tarixli sərəncamından sonra həyata keçirilmişdir. Sərəncama əsasən son illərdə 400 adda 10 milyondan çox ədəbiyyat nəşr edilərək ölkə kitabxanalarına hədiyyə olunmuşdur.
Sərginin əhəmiyyətindən danışan Elçin müəllim öz nitqində kitabın bəşər düşüncəsində tutduğu yerdən və kitabla bağlı bu cür tədbirlərin oxucular üçün əvəzsiz şans olduğundan danışdı. Qeyd etdi ki, sərgi Azərbaycanda kitab işinin təbliğinə təkan verəcək, eyni zamanda naşirlərimizə əcnəbi həmkarlarının gördükləri işlərlə yaxından tanış olmaq imkanı qazandıracaqdır. Sərgi birgə layihələrin həyata keçirilməsinə də yardımçı olacaqdır.
Mədəniyyət və Turizm naziri Ə.Qarayev də qonaqları salamlayandan sonra I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ölkəmiz üçün böyük hadisə olduğunu qeyd etdi: “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” layihəsi çərçivəsində keçirilən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün şəhərimizə dünyanın 20-dən çox ölkəsindən qonaqlar gəlmişdir. Ümumilikdə isə burada 80-dən çox çap və poliqrafiya müəssisəsi, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirlər. Tədbirə ölkəmizdə çap işi ilə məşğul olan 60-dan çox qurumun nümayəndəsi qatılmışdır. İldə 5-6 beynəlxalq kitab sərgisinin iştirakçısı olan Azərbaycan indi möhtəşəm bir tədbirə ev sahibliyi edir”.
Nazir bildirdi ki, tədbirin məqsədi Azərbaycanda poliqrafiya, nəşr işinin təşkilinə kömək etmək, məhsullarımızın dünya bazarına çıxarılmasına təkan verməkdir. Eyni zamanda, belə sərgilər kitaba marağı artırır. Biz inanırıq ki, bu sərgidən sonra kitabxanalarda oxucularımızın sayı artacaq və gənclərimiz kitaba daha çox maraq göstərəcəklər.
Ə.Qrayev: “Qərara almışıq ki, bu sərgi iki ildən bir keçirilsin. Burada ilk dəfə olaraq bütün xərcləri dövlət öz üzərinə götürmüşdür. Bir neçə il bu ənənəyə sadiq qalacağıq. Sərgidə bütün çap işi ilə məşğul olan qurumların iştirakı pulsuzdur və onlar burada öz məhsullarını sata da bilərlər.”
Sərgi-yarmarka Muzey Mərkəzinin birinci mərtəbəsindəki geniş foyedən başlayırdı. Foyenin bir tərəfində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə çap olunan kitablar sərgilənirdi. Bu stendlərlə üzbəüz Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda M.F.Axundov adına Milli Kitabxananın kitabları nümayiş olunurdu.
İkinci mərtəbə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Azərbaycan xalçasını və milli geyimlərimizi əks etdirən nəhəng lövhələrindən başlayırdı. Lövhələrin qarşısına qoyulan stolun üstündə isə rəngarəng turizm nəşrləri diqqəti cəlb edirdi.
Bundan sonra yerli və xarici nəşriyyatların stendləri gəlirdi və Muzey Mərkəzinin dördüncü mərtəbəsindəki salonun sonuna qədər uzanırdı.
Əvvəldən də qeyd olunduğu kimi, sərginin əsas məqsədlərindən biri dünyanın inkişaf etmiş ölkələrinin nəşriyyat və poliqrafiya işi ilə məşğul olan mütəxəssisləri ilə yerli naşirlərimiz arasında təcrübə mübadiləsinə şərait yaratmaq idi. Ancaq sərgi göstərdi ki, doğrudan da Azərbaycanda dünya standartlarına uyğun kitablar çap olunur. Bizim naşirlərin, xüsusilə “Nağıl evi”, “E.L.”, “Şərq-Qərb”, “Çinar-çap”, “Təhsil”, “Altun kitab”, “Beşik” və s. məhsulları heç də ABŞ, Fransa, Türkiyə, İran kimi inkişaf etmiş ölkələrdən geri qalmırdı. Heydər Əliyev Fondunun nümayiş etdirdiyi çap məhsulları isə bütün tamaşaçıları və oxucuları sözün həqiqi mənasında heyrətləndirirdi. Xüsusən muğamla və Qarabağ gerçəkləri ilə bağlı nümayiş olunan çap məhsulları həm poliqrafik cəhətdən , həm də dizayn və məzmun etibarı ilə yüksək səviyyədə idi.
Xarici ölkələrin – İran, Slovakiya, Latviya, Estoniya, Belarus, Türkiyə, Pakistan, Rusiya, Özbəkistan və Qırğızıstanın stendləri dördüncü mərtəbədəki dairəvi zalda yerləşdirilmişdi. Xarici qonaqlardan ABŞ, Fransa, Tacikistan və Qazaxıstanın stendləri dördüncü mərtəbədəki böyük salonun girəcəyində idi. ABŞ hər yerdə olduğu kimi burada da super dövlət olduğunu sübut etdi – həm uşaqlar, həm də böyüklər üçün minlərlə kitab hədiyyə etdi. Sərgidə iştirak edən bəzi ölkələr (Belarus, Türkiyə, İran, Tatarıstan və s.) bir neçə nəşriyyatla təmsil olunurdu. Türkiyədən gələn məşhur Timaş yayınları iştirakçılar arasında öz fəallığı ilə seçilirdi.
Sərginin ilk tədbiri Xalq Yazıçısı İsa Muğannanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Avrasiya Press” nəşriyyatında çap edilən 6 cildliyinin Muzey Mərkəzinin akt zalında keçirilən təqdimat mərasimi oldu. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov, Aşıqlar Birliyini sədri, Xalq Şairi Zəlimxan Yaqub və başqaları yazıçının yaradıcılığı və ömür yolu haqqında danışdılar.
Sentyabrın 10-da, saat 15-də Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə” Ədəbi Mükafatına layiq görülən müəlliflərlə oxucuların görüşü təşkil olundu. Görüşdə laureatlardan Aqil Abbas, Elçin Hüseynbəyli, Məmməd Oruc, Saday Budaqlı, Hüseynbala Mirələmov, Taleh Həmid və Yunus Oğuz iştirak edirdilər.
Həmin gün daha bir təntənəli təqdimat mərasimi baş tutdu – Viktor Andryanov və Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabı...Tədbirdə çıxış edənlər ulu öndərin həyat və fəaliyyətindən bəhs edən bu kitabın spesifik xüsusiyyətlərindən danışdılar, kitabı yüksək dəyərləndirdiklərini bildirdilər.
Məlumat üçün qeyd edək ki, “Heydər Əliyev” kitabı bu il Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə” Ədəbi Mükafatına layiq görülmüşdür.
Sentyabrın 11-də əsas tədbirlər Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mətbuat nümayəndələri ilə görüşündən başladı. Nazir bildirdi ki, Azərbaycan hökuməti xalqımızın tarixi irsinin qorunmasına, mənəvi sərvətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına böyük diqqət yetirir. Nazir Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən nəşr edilmiş kitabların bugünkü və gələcək nəslə böyük töhfə olduğunu bildirdi. Sonra Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə üç dildə nəşr olunmuş “Azərbaycan qayaüstü incəsənəti” kitabının təqdimatı keçirildi. Qeyd olundu ki, kitabda, əsasən, Qobustanın qayaüstü rəsmləri, Naxçıvan ərazisində “Gəmiqaya” və Ordubad ərazisində Tivi kəndi yaxınlığında Nəbiyurd, Qızgəlinçuxur yaylaqlarında aşkar olunmuş petroqliflər, Gəncəçay, Xanlar, Xəzəryanı rayonlar və s. ərazilərdə tapılmış qayaüstü rəsmlər nəşr olunmuşdur. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü V.Əliyev, rəyçilər tarix elmləri doktoru, professor Q.İsmayılzadə və tarix elmləri namizədi N.Müseyibli, foto və illüstrasiyaların müəllifi Məlahət Fərəcovadır. Həmin gün daha iki maraqlı təqdimat mərasimi ilə yadda qaldı: Xalq Şairi Zəlimxan Yaqubun “Mən öz dastanımı yazıb gəlmişəm”, “Millətdə, dövlətdə, sənətdə” kitabları və “Avrasiya-Press” nəşriyyatının layihəsi olan “Mərhəmət marşrutu: Həqiqətlə üzbəüz” kitabı.
Sentyabrın 12-də Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının, Mədəniyyət və Turizm Nazirliyinin illik nəşri olan “Mədəniyyət 2009” kataloqunun, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Poeziya günü” almanaxının və Aqil Abbasın “Dolu” romanının təqdimat mərasimləri keçirildi.
Həmin gün Muzey Mərkəzinin akt zalında I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının iştirakçılarına diplom və hədiyyələr təqdim olundu.
Sərginin sonuncu günü nümayiş etdirilən bəzi kitablar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına hədiyyə olundu. Bu münasibətlə kitabxananın akt zalında toplantı keçirildi. Tədbirdə M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, beynəlxalq sərgi-yarmarkanın iştirakçısı olan Slovakiya, Estoniya, Latviya, Belarus, Pakistan və digər ölkələrin təmsilçiləri çıxış edərək bu cür tədbirlərin xalqların daha da yaxınlaşmasına və mədəni əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirdilər. I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işini uğurla başa vurdu.