Azərbaycanın xalq rəssamı Nazim Bəykişiyevin fərdi sərgisi
25.10.2007 - 31.10.200725-30 oktyabr, 2007-ci il tarixində Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycanın xalq rəssamı Nazim Bəykişiyevin fərdi sərgisi keçirilmişdir.
Azərbaycanın aparıcı teatr rəssamlarından biri olan Nazim Bəykişiyev 1948-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Dövlət Teatr İncəsənəti İnstitutunda davam etdirib. 1975- ci ildən SSRİ Rəssamlar İttifaqının, 1979-cu ildən isə Azərbaycan Teatr İşçiləri İttifaqının üzvüdür.
Yaradıcılıq fəaliyyətinə başladığı vaxtdan Azərbaycanın məşhur teatrlarında demək olar ki, bütün tanınmış rejissorlarla işləmiş Nazim Bəykişiyev, Vaqif Səmədoğlunun “Yayda qartopu oyunu”, Elçinin “Qatil”, “Hamlet”, Hüseyn Cavidin “Afət”, Mir Cəlal Paşayevin “Dirilən adam” və digər bu kimi tamaşalara quruluş vermişdir. O, Ankara və Vyananın da səhnələrində tamaşalara quruluş vermiş, ümumilikdə isə 100-dən artıq tamaşanın quruluşçu rəssamı olmuşdur.
Lakin xalq rəssamının uğurlu yaradıcılıq fəaliyyəti teatrla bitmir- onun rəngkarlıq işləri ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Almaniya, Fransa və Macarıstanda sərgilənmiş, əsərləri dünyanın bir çox ölkəsinin şəxsi kolleksiyasına daxil olmuşdur. 1998-ci ildə Londonda, 2001-ci ildə isə Moskvada Nazim Bəykişiyevin fərdi sərgiləri təşkil olunmuşdur.