21 may - Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə və “Muzeydə bahar” aksiyası çərçivəsində muzeydə caz gecələri

21.05.2009

Akt Zalı
Vaxt: 19:00
Təçkilatçı: Muzey Mərkəzi və Moskvadakı YUNESKO Bürosu

Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il, mayın 21-də qeyd olunmuşdur. Bununla əlaqədar olaraq YUNESKO-nun baş direktoru Koitiro Matsura beynəlxalq ictimaiyyətə aşağıdakı müraciəti etmişdi:
“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2002-ci il, dekabrın 20-də 57/249 saylı qətnamə ilə 21 May tarixinin dialoq və inkişaf naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü kimi qeyd olunmasını qərara aldı və bütün üzv dövlətlərə, hökumət orqanlarına, BMT-nin sistem təşkilatlarına və buna bənzər qeyri-hökumət təşkilatlarına mədəni müxtəlifliyin müsbət rolunu, onun dəyər və əhəmiyyətini maarifləndirmə və kütləvi informasiya vasitələrindən istifadə etməklə dünya ictimaiyyətinə çatdırmağı təklif etdi.... Bu həqiqətin dərk edilməsinin məntiqi nəticəsi kimi YUNESKO 2001-ci ildə müxtəliflik, dialoq və inkişaf arasındakı qarşılıqlı əlaqənin yeni izahlarının irəli sürüldüyü 20 əsas müddəadan ibarət fəaliyyət planının daxil olduğu mədəni müxtəliflik haqqında Ümumi Bəyannamə qəbul etdi. Müxtəliflik, dialoq və inkişaf anlayışları bir-birilə sıx bağlıdır və bəşəriyyətin mədəni ehtiyatlarını öyrənmək və optimizmləşdirmək imkanını verir. BMT kimi YUNESKO da vəzifələrinə görə dünyada mədəni fəaliyyət təşkilatı hesab olunmur. Lakin o, insanları, onların ümid və arzular dünyasında dəstəkləyə bilər. Məhz buna görə də, bu gün bizləri birləşdirən 21 May tarixini bayram kimi qeyd etməyə dəyər. YUNESKO-nun mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsi – dialoq və inkişaf üçün çox gözəl vasitədir. Hər birimiz çalışmalıyıq ki, mədəniyyətlərarası dialoqun yaranması sayəsində, mədəniyyətin plüralizmi bizim ortaq sərvətimiz olsun...”

2009-cu il, mayın 21-də Muzey Mərkəzində YUNESKO-nun Moskva bürosunun təklifi ilə 21 may - Dialoq və inkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə “Muzeydə caz gecələri” adlı konsert proqramı keçirilmişdir.

Şəhərimizin köhnə və sevimli ənənələrinin dirçəldilməsi və həmişə olduğu kimi, gənc istedadlara kömək etmək və onlara yaxından dəstək olmaq missiyasını qarşısına qoymuş Muzey Mərkəzi, fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan rəssamlarının və fotoqraflarının simasında gənc istedadlara “həyata vəsiqə” vermişdir. İndi isə siyahıya gənc qrup, caz-kvartet “Beetle Juice” qrupunun başçılıq etdiyi gənc musiqiçiləri təbliğ və təşviq etməyin zamanı çatmışdır.

Həmişə caz şəhəri kimi tanınmış Bakıda - Azərbaycanın əsas mədəniyyət və incəsənət mərkəzlərindən biri hesab olun Muzey Mərkəzində keçirilən möhtəşəm tədbirdə 100-dən artıq insan - Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları, dövlət rəsmiləri və xarici qonaqlar iştirak edirdi. Konsertin qonağı etno-caz kompozisiyası ilə tədbir iştirakçılarını sevindirən tanınmış Azərbaycan müğənnisi Elmira Ələkbərzadə idi. Lakin ən parlaq və yadda qalan ifa, heç şübhəsiz ki, “Beetle Juice” qrupunun (Vokal- Cahan Əzimzadə (Bakı Musiqi Akademiyasının 3-cü kurs tələbəsi); kontrabas- Niyaz İbrahimov (Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi); zərbəçi-Mehran İsmayılzadə (Bülbül adına musiqi gimnaziyasının 10-cu sinif şagirdi) və nəhayət, pianoçu və eyni zamanda kvartetin yaradıcısı və rəhbəri Tural Əliyev (Bakı Musiqi Akademiyasının kompozisiya sinfinin 1-ci kurs tələbəsi)) çıxışı idi.

Böyük anşlaqla keçən konsertdə gənclər hamını öz peşəkar və məharətli ifası ilə heyran etdilər. Çox uğurla baş tutan konsert “Muzeydə caz gecələri” adlı yeni bir aksiyanın təməlini qoydu.