Mədəniyyət və Turizm Nazirliyinin, “Zamanın qanadları” yaradıcılıq assosiasiyasının (rəhbər Leyla Axundzadə) birgə təşkilatçılığı ilə “5+” adlı rəssamlıq sərgisi
10.04.2007 - 16.04.20075+ ən yaxşıların ən yaxşı qiymətidir. Bu qiymətə 5 gənc rəssam layiq görülmək üçün bir yerə toplaşıb “5+” sərgisini təşkil etdilər. 2007-ci il, aprelin 10-da Muzey Mərkəzində sərginin açılışı oldu.
Onlar çox müxtəlifdirlər, amma bir komandadılar. Onları bir-birinə bağlayan incəsənətə olan ümumi məhəbbət, yenə də və yenə də nəsə qeyri adi bir iş yaratmaq həvəsidir.Onlar fantaziyanı aşıb onu daha da genişləndirməyə çalışır və doğma Azərbaycanın çoxplanlı, müxtəlif şaxəli incəsənətini daha da şöhrətləndirməyə çalışırlar.
Mahmud Rüstəmov – mif yaradandır. O, qədim mifləri öz dünyagörüşündən götürüb onları tamam başqa obrazda öz heykəllərində əbədiləşdirir. O deyir ki, insan gözəlliyə can atanda özünü humanistləşdirir. Onun təxəyyül dünyasından dünyaya qəribə fantastik məxluqlar gəlirlər, sanki tamam başqa, bir-birinə paralel dünyalardan zühur etmişlər.
Teymur Rüstəmov yaradıcılığının əsas konsepsiyası deyəndə rəssamın əbədi istəyini, insanlara öz işlərinin köməyi ilə təsir etməkdə görür. Tamaşaçı bu işlərə baxanda sevinc, kədər, qorxu, heyrət və ya bədbinlik hissləri keçirir... Lakin bütün bunlarla yanaşı yaradıcılıq onun üçün ağırdan-ağır, məşəqqətli bir yoldur, bu yolun sonu rahatlıq, sakitlik ümididir. Bütün bu hisslər onun orijinal heykəllərində, rəngkarlıq və qrafika işlərində, eləcə də fotolarında öz əksini tapır.
Naira Rüstəmova öz xəyallarını fırçaya alır. Röyaların ləngər vuran sehrli aləmi rəssamı tez-tez aludə edir və məhz bu əsərlərinin əsas mövzularını buradan götürür. Bütün bunlarla bərabər onun yaratdıqları – işıqlı, parlaq, yaşamaq həvəsi yaradan, hər bir günlə sevinməyi bacaran, günəşin şəfəqlərinə, yağışın damlalarına sevinən insanlar üçündür.
Vüqar Muradovu hamı qəribə bir adam kimi tanıyır. Olduqca az danışan bu cavan oğlan, ətraf dünya ilə öz əsərlərinin dili ilə söhbət edir. Onun sevdiyi janr portretlərdir ki, onlar da çox zaman mistik təsir bağışlayır. Bəlkə də bu ondan irəli gəlir ki, çəkdikləri insanların deyil, hisslərin portretidir...
Niyaz Nəcəfov rəssamlıqla 3 il öncə məşğul olmağa başlayıb. Heç bir xüsusi təhsili yox idi, institutda heç nə ilə fərqlənməyən tələbə idi. Amma bir dəfə fırçanı götürüb çəkməyə başladı. Gözlənildiyinin əksinə olaraq bu onun üçün bir nicat günü oldu, yarasına məlhəm, yeni həyata qapı, hava oldu. Onun işlədiyi janrı rəssamın özü “sərt realizm” adlandırır. Bu işlər həyatın özü kimi kəskin, sərt olub tamaşaçıların düşüncəsinə çox güclü təsir edir.
Hər rəsamın ixtiyarına Muzey Mərkəzinin dördüncü mərtəbəsinin bir zalı verilmişdi ki, onların hər birində 25-30 iş sərgilənmişdi. Qeyd olunmalıdır ki, bu əsərlərin heç biri əvvəllər tamaşaçıya məlum deyildi. Yarım il ərzində rəssamlar sərbəst yaradıcılıqla məşğul olub bu sərgiyə hazırlaşmışdılar. Tez-tez əsərləri almaq haqqında təkliflər gəlirdi. Amma rəssamlar səbrlə “həlledici” anı gözləyirdilər.
Sərginin təşəbbüsçüsü və kuratoru sənətşünas Leyla Axundzadə idi.
Baxmayaraq bu beş rəssamın yaratdıqları alıcılar arasında, xüsusilə də xaricilər arasında populyarlıq qazanmışdı və bütün dünyanı gəzib-dolaşdı, öz doğma vətənlərində hələ də demək olar ki, sərgiləməmişdilər. Bu sərgi bir növ onlar üçün əsl sevincə çevrilmişdi. İlk dəfə olaraq onlar doğma sənətsevərlərlə görüşürdülər. Və yəqin ki, bu görüşlər bundan sonra da həm rəssamlara, həm də tamaşaçılara bol-bol sevinc gətirəcəkdir.