Azərbaycanın əməkdar rəssamı Eldar Qurbanın 60 illiyi münasibətilə fərdi yubiley sərgisi

01.03.2008

“Sevgisiz səadət yoxdur” – işləri Çexoslovakiya, Bolqarıstan, Polşa, Əlcəzair, Suriya, Meksika, Fransa, İtaliya, Türkiyə, Almaniya, ABŞ-da sərgilənmiş Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Qurbanov.

Eldar Qurbanov Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Soltan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur.

Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında “Dədə Qorqud” tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında “Elektra” üzərində işləmişdir.

Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər - "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.

Onun əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Rusiya Rəssamlar İttifaqında, Tretyakov qalereyasında, Hyustonda "Ramko" İncəsənət mərkəzində, İstanbulda, o cümlədən Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.

Rəssamın ilk böyük fərdi sərgisi 1995-ci ildə Səttar Bəhlulzadə adına Sərgi salonunda təşkil olunmuşdu. Bu zaman sənətsevərlərə Eldar Qurbanov 125 əsər təqdim etmişdi. 2008-ci il, fevralın 29-da isə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində rəssamın 60 illik yubileyi münasibətilə fərdi sərgisi açıldı. Sərgidə onun 80-ə yaxın işi nümayiş olunurdu. Bu əsasən rəngkarlıq işləri – natürmortlar, mənzərələr, abstrakt işlər və böyük əsərlər idi.