“Ənənəvi İslam memarlığı” adlı beynəlxalq konfrans
17.03.20092-3 iyun, 2009-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində “Tarixi İslam Şəhərləri və Müasir Memarlıq” adlı Beynəlxalq Konfrans keçirilmişdir.
Məlumdur ki, mədəniyyət Nazirlərinin V İslam Konfransında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur və bununla əlaqədar olaraq 2009-cu il ərzində İslam mədəniyyətinin təbliği, inkişafı, İslam mədəni irsinin qorunması məqsədi ilə Bakı şəhərində bir sıra beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Növbəti tədbir “İslam Tarixi Şəhərləri və Müasir Memarlıq” adlı Beynəlxalq Konfrans oldu. Konfransın mövzusu tarixi İslam şəhərləri idi. İslam ölkələrinin tarixi şəhərləri əsrlər boyu yaşamış, böyümüş və zamanımıza çatmışdır. Bu şəhərlər tarixiliyini, özünəməxsusluğunu qoruyub saxlamışlar. Sosial, iqtisadi durum inkişaf etdikcə, tələbat dəyişdikcə onlar şəhərlərin inkişafını tələb edir. İnkişaf, ardınca yeni texnologiyalar memarlığı, şəhərsalmanı inkişaf etdirir, bəzi hallarda şəhərlərin formalaşmış strukturunda dəyişikliklər tələb olunur. Şəhərlərin tarixi mühitinə, onların tarixi və memarlıq irsinin mühafizəsinə diqqətlə yanaşılmalıdır. Tarixi şəhərlər yaşayır və yaşamalıdır. Yeni tikililər, yeni memarlıq, onların formalaşmış mühitinə necə daxil olmalıdır? Tarixi şəhərlərin gələcəyi necə olmalıdır?
Konfransın məqsədi tarixi İslam şəhərlərində memarlıq irsinin, tarixi mühitin qorunması və bununla yanaşı yeni inkişafın, müasir memarlığın və şəhərsalmanın bu mühitə təsirinin araşdırılması, qeyd edilən sahədə mütəxəssis və ekspertlərin təcrübə mübadiləsi olmuşdur.
Konfransın təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və “İslam Konfransı Təşkilatı”nın “İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Beynəlxalq Tədqiqat Mərkəzi” (İRCİCA) idi.
Həmtəşkilatçılar isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və TÜRKSOY-un Türk Xalqlarının Mədəni İrsi üzrə Beynəlxalq Mərkəzi olmuşdur.
Konfransda Azərbaycan, Avstriya, Bosniya və Herseqovina, Türkiyə, Misir, İordaniya, Mərakeş, Özbəkistan, Qazaxıstan, Böyük Britaniya və Litvadan mütəxəssis və ekspertlər iştirak edirdilər.