Marqarita Kərimova-Sokolovanın “Venetsiyada karnaval” adlı fərdi sərgisi

06.07.2007

Marqarita Kərimova-Sokolova Bakı şəhərində doğulub boya-başa çatıb. Görünür, məşhur rəssam İ.İ.Sokolovun nəticəsi olan Marqarita, ulu babasının genlərinə varis çıxıb və sənətdə ilk addımlarından sübut etmişdir ki, o, rəssamlığa ciddi və həmişəlik gəlib. Rəssamlıq təhsilini Krasnodar Universitetində almış, Moskva Rəssamlıq Akademiyasında təcrübə keçmişdir. Azərbaycan və SSRİ Rəssamlar ittifaqının üzvüdür.

Azərbaycanda, Əlcəzairdə, Amerikada, Rusiya və Avropada təşkil etdiyi fərdi sərgiləri və geniş yaradıcılıq axtarışları onun sənətsevərlərə bəlli olan müəllif üslubunu müəyyənləşdirmişdir. Onun dəsti-xəttinə universallıq və süjetlərin əvvəlcədən düşünülməsi, qeyri-adi hissiyyat, geniş təcəssüm xarakterikdir. Klassik Avropa məktəbinin həmahəngliyi, Şərq hərarəti və parlaq fərdiliyi onun işlərinin tənqidçilər və tamaşaçılar arasında sonsuz marağına səbəb olmuşdur. Onun işləri şəxsi kolleksiyalar tərəfindən, rəsm qalereyaları və dünyanın neçə-neçə muzeyləri tərəfindən alınmışdır.

Marqaritanın yaradıcılığı rəngarəng (yağlı boya, akvarel və quru pastellə işləmişdir) və çoxcəhətlidir: həm bol-bol enerjini özündə saxlaya bilən dinamik qadın obrazları... həm də sakit, yaşıl parklar silsiləsi...Və bir yandan da Venetsiya karnavalının ala-bəzəkliliyi diqqəti cəlb edir.

Azərbaycan və Almaniya - hər iki ölkə onun yaradıcılığının bitib tükənməyən ilham mənbəyi olaraq qalır. Rəssama doğma olmuş Bakı və Köln şəhərləri onun özünəməxsusluğunu müəyyən etmişdir.

2006-cı ildə Marqarita Venetsiya karnavalının bilavasitə iştirakçısı olur və bu gözəllik bayramı onu ideyaların bolluğu ilə valeh edir. Bu ideyalardan biri – maskalar, onu daha çox cəlb edir...Bir anlığa təsəvvür edin ki, maskalar üzdən götürülüb...və ola bilsin ki, rəssamın dostları və yaxınları onların simasında özlərini tanıyırlar.

2007-ci ilin iyulun 6-da Muzey Mərkəzinin Sərgi Qalereyasında baş tutmuş sərgi Muzey Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət idarəsi və Rəssamlar İttifaqı ilə birlikdə təşkil olunmuşdu.