«Bakı - İslam mədəniyyətinin paytaxtı-2009» ilinin açılışı münasibətilə vebsaytın təqdimatı və sərgi
19.02.2009Sərgi Qalereyası
Akt Zalı
18 fevral, 2009-cu il tarixində Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı yaradılmış internet saytının və Azərbaycana həsr olunmuş sənədli filmlərin təqdimat mərasimi keçirilib. “baku-icc-2009.az” saytı beş dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində hazırlanmışdır. Saytda mədəniyyətin müxtəlif sahələrinə aid bölmələrlə yanaşı, paytaxtla bağlı hazırlanmış video-rolik də yer alıb. Saytın təqdimatında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir il müddətində keçiriləcək bütün tədbirlərin saytda işıqlandırılacağını demişdir: “Azərbaycan mədəniyyəti ilə bağlı saytda yer alacaq bütün məlumatları xaricdən də izləyə biləcəklər. Bu addım da Azərbaycan mədəniyyətinin təbliğinə yönəldilib və uğurlu nəticəsinin olacağına inanıram”.
Ə. Qarayev deyib ki, Azərbaycana həsr olunmuş filmlər bir il müddətində müxtəlif tədbirlərdə göstəriləcək. Bu filmlər arasında “Azərbaycan xalçaları”, “İçərişəhər”, “Azərbaycan musiqisi”, “Memarlıq abidələri” və digərlərinin adını qeyd edən nazir kino əsərlərinin artıq hazır olduğunu diqqətə çatdırıb. Saytın təqdimatında İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri də iştirak etmişdir.