Tofiq Quliyevin həyat və yaradıcılığına həsr olunmuş foto-sərgi

12.02.2009

11 fevral, 2009-cu ildə Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycanın xalq artisti, Respublika Dövlət mükafatı laureatı, bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığına həsr edilmiş foto sərgi açılmışdır.

Tofiq Quliyev Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biridir. O, Azərbaycan Dövlət Konservatoriyasını bitirməklə kifayətlənməmiş, sonradan Moskva Konservatoriyasında və onun aspiranturasında təhsilini davam etdirmişdir. T. Quliyev 1968-90-cı illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1990-cı ildən İttifaqın idarə heyətinin sədri olmuşdur.

Bəstəkar 100-lərlə nəğmənin, bir neçə operettanın müəllifidir, dram tamaşalarına və filmlərə musiqi bəstələmişdir.

Milli kinomuzun inkişafında bəstəkar T. Quliyevin xidmətləri böyükdür. O, «Səbuhi», «Bəxtiyar», «Görüş», «Qızmar günəş altında», «Ögey ana», «Onu bağışlamaq olarmı?», «Telefonçu qız», «Möcüzələr adası», «Sən niyə susursan?», «O qızı tapın», «Nəsimi», «Dərviş Parisi partladır», «Xoşbəxtlik qayğıları», «Qaynana», «Nakəs» və s. bədii, 20-dən artıq sənədli filmə, o cümlədən «Şəfa nəğməsi», «Bakıdan Göygölədək», «Sovet Azərbaycanı», «Bakı və bakılılar», «Alagöz yaylağında» və s. kinolentlərə musiqi bəstələmişdir.