Gündüz Ağayevin fərdi sərgisi və Müşfiq Muğanlının “Məndən sonra”adlı kitabının təqdimatı
10.01.2009Gənc rəssam Gündüz Ağayevin rəngkarlıq və installyasiya işlərindən ibarət fərdi sərgisi və qardaşı gənc şair Müşfiq Muğanlının “Məndən sonra” kitabının təqdimat mərasimi
2009-cu il, yanvarın 9-da Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Gündüz Ağayevin rəngkarlıq və installyasiya işlərindən ibarət fərdi sərgisi və qardaşı gənc şair Müşfiq Muğanlının “Məndən sonra” kitabının təqdimat mərasimi keçirilmişdir.
Müşfiq Muğanlı (Ağayev) və Gündüz Ağayev qardaşları Biləsuvar rayonunda rəssam ailəsində doğulub boya, başa çatıblar. Ailədə olan yaradıcılıq mühiti onların hər ikisini özünə cəlb etmişdir.Bu baxımdan Ağayev qardaşlarının yaradıcılığa olan sevgisi gənc də olsalar həyatda öz sənətlərinə sahib çıxmağa gətirib çıxartmışdır.
Gündüz Malik oğlu Ağayev 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almışdır. 2006-cı ildə Biləsuvar Dövlət Rəsm Qalereyasında fərdi sərgisi keçirilib. Respublikada keçirilən bir çox sərgilərdə iştirak etmişdir. 2008-ci ildə Gündüz Ağayev bir qrup rəssamlarla “H2O” adlanan rəssamlar birliyi yaradıblar. Elə həmin il Bakı şəhərində qrup üzvlərinin əsərlərindən ibarət sərgi təşkil olunmuşdu.
Gündüz Ağayevin yaradıcılığında bizə artıq məlum olan bədii cərəyan və üslublarla səsləşən onlarla anım-assosiasiyası yaradan məqamlar olsa da, bu əsərlərin hər biri həyat hadisələrinə, onun saya gəlməz yaşantılarına fərdi və fərqli münasibətin ifadəsi kimi qəbul olunur. Bütünlükdə isə onları mücərrəd sənətin özünəməxsus görüntüləri kimi hesab etmək olar. Lakin rəssam mücərrəd şərhə ona görə tapınmayıb ki, onu çətin başa düşsünlər. Əksinə, o, istəyir ki, tamaşaçısı onu əhatə edən gerçəklikdə onunla qoşa addımlayan, ancaq çox vaxt görünməyən duyğulandırıcı mənəvi-estetik qaynaqları rəssam gözü ilə görə və dəyərləndirə bilsinlər. Bu gözəllik şuartıları rənglərin xaotik ritmindən, ekspressiya yaradıcı qarşılaşmasından, plastik deformasiyalardan və onları gerçəkləşdirən təzadlı rəng selindən “boylanır” və istər-istəməz tamaşaçısını düşündürür.Odur ki, Gündüzün bilavasitə həyatın fəlsəfəsinin açımına yönəli əsərləri bir qədər də onlarla üz-üzə, göz-gözə qalanlardan xüsusi diqqət və analitik nüfuz tələb edir. Başqa sözlə desək, tamaşaçını arxasınca apara biləcək sənət nümunələrindən əsl zövq almaq üçün onları duymağa və dəyərləndirməyə həm də hazır olmaq lazımdır.
Gənc şair Müşfiq Muğanlı “Neyləyim ki,” və “Sevgi Tanrıdan gəlib" şer kitablarının müəllifidir. “Məndən sonra” kitabı Müşfiqin oxucularla üçüncü görüşü idi. Şairin şerlərində Allaha məhəbbət, Vətənə, el-obaya sədaqət, valideynə, ailəyə hörmət, saf sevgi duyğuları, fəlsəfi düşüncələr, sadə, gözəl və səmimi hissləri oxucuya çatdırılır.Kitabda olan şerlər əsasən Tanrı və əbədiyyətlə bağlı duyğuların vəhdəti və sevginin ən uca zirvəsinin harada olduğunu hiss etdirir.