Ümumdünya İnsan Hüquaları Bəyannaməsinin qəbul olunmasının 60 illiyi münasibətilə ilə Fransanın Azərbaycandakı səfirliyinin ziyafəti

06.12.2008

İnsan hüquqları haqqında ümumi bəyannamə

PREAMBULA

Bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin və onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu nəzərə alaraq,insan hüquqlarına etinasızlıq və nifrətin bəşəriyyəti dəhşətə gətirən barbarizm hərəkətlərinə səbəb olduğunu və insanların söz və etiqad azadlığına malik, qorxu və ehtiyacdan azad olduqları dünyanın yaradılmasının bəşəriyyətin ən ali istəyi olduğunu nəzərə alaraq, insanın son vasitə kimi istibdad və zülmə qarşı qiyama qalxmağa məcbur olmamasını təmin etmək üçün insan hüquqlarının qanunun hakimiyyəti ilə müdafiə olunmasının zəruriliyini nəzərə alaraq, xalqlar arasında mehriban münasibətlərin inkişafını dəstəkləməyin vacibliyini nəzərə alaraq, Birləşmiş Millətlərin xalqlarının BMT Nizamnaməsində əsas insan hüquqlarına, insan şəxsiyyətinin ləyaqət və dəyərinə, kişi və qadınların hüquq bərabərliyinə inamlarını təsdiq etdiklərini və daha geniş azadlıq şəraitində sosial tərəqqi və həyat şəraitinin yaxşılaşdırılmasına yardım etməyi qət etdiklərini nəzərə alaraq, üzv dövlətlərin BMT ilə əməkdaşlıq şəraitində insan hüquqlarına və əsas azadlıqlara ümumi hörmət və onlara əməl olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərə alaraq, Bu hüquq və azadlıqların xarakterinin tam şəkildə dərk olunmasının həmin öhdəliyin hərtərəfli yerinə yetirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq,BMT Baş Assambleyası İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni, hər bir kəsin və cəmiyyətin hər bir orqanının bu Bəyannaməni rəhbər tutaraq maarifçilik və tədris yolu ilə həmin hüquq və azadlıqlara hörmət olunmasına yardım etməsi və milli və beynəlxalq səviyyədə tərəqqipərvər tədbirlər yolu ilə, həm təşkilatın üzvü olan xalqları, həm də onların yurisdiksiyası altında olan ərazilərin xalqları arasında ümumilikdə və effektiv tanınması və həyata keçirilməsinə səy göstərmələri məqsədilə bütün xalqlar və bütün dövlətlərin yerinə yetirməyə can atmalı olduqları vəzifə kimi bəyan edir.

Maddə 1. Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.

Maddə 2. Hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır. Bundan əlavə, həmin şəxsin mənsub olduğu ölkənin və ya ərazinin, həmin ərazinin müstəqil, qəyyumluq altında olan, özüidarəolunmayan və ya suverenliyi hər hansı şəkildə məhdudlaşmış şəkildə olmasından asılı olmayaraq, siyasi, hüquqi və beynəlxalq statusundan asılı olraq heç bir ayrı-seçkilik qoyulmamalıdır.

Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

Maddə 4. Heç kim kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz; quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir.

Maddə 5. Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır.