Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Payız rəngləri” adlı vizual incəsənət sərgisi
22.11.2006 - 04.12.2006Burda incəsənətin rəngkarlıq, qrafika, foto və heykəltəraşlıq kimi müxtəlif sahələrini əks etdiren əsərlər təqdim olunub.
2006-cı il, noyabrın 21-də Muzey Mərkəzinin təşəbbüsü və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin dəstəyi ilə Muzey Mərkəzinin Sərgi Qalereyasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Payız rəngləri” adlı vizual incəsənət sərgisi açılmışdır. Payız fəslinə həsr edilmiş sərgi gələcəkdə nəzərdə tutulmuş “İlin fəsilləri” adlı silsilə sərgilərin ilk təqdimatı idi. Dünya Mədəniyyəti tarixindən məlumdur ki, payız fəsli incəsənətin hər hansı bir sahəsində işləyən yaradıcı insanlar üçün ən sevimli fəsillərdən biridir. Yayın qızmar istisindən və istirahət mövsümünün qurtarmasından sonra aktiv yaradıcılıqla məşğul olmaq qeyri-mümkündü. Amma payız fəslinin qızılı çalarları yaradıcı insanların ruhunu oxşayır. Həmçinin ilin heç bir fəsli payızın rəngarəngliyi ilə müqayisə edilə bilməz. Təsviri sənət ilə məşğul olan yaradıcı insan üçün payızın sarı, qırmızı və yaşıl çalarlarından gözəl nə ola bilər? Payız öz-özlüyündə dərin xəyali və fəlsəfi məna daşıdığına görə rəssamlar məhz bu fəsildə özlərinin ən gözəl əsərlərini yaradırlar.
Sərgidə Azərbaycanın görkəmli rəssamları, fotoqrafları və heykəltəraşların əsərləri nümayiş olunmuşdur. Həmin sənət adamlarının içərisində artıq Azərbaycanın təsviri sənətində öz sözünü demiş nəhənglərlə yanaşı böyük sənətdə ilk addımlarını atan gənc rəssamlar da var idi.
Sərginin video və texniki təchizatı: Music Gallery
Sərgi çərçivəsində iştirak edirdilər: ALP Exclusive, S-decoro, Baku-İn, Wedding, İşıq effektləri Studiyası.
Bu sərgidə 73 rəssam iştirak etmişdir.