25 iyun 2016
Diqqətdənkənar mədəniyyət haqqında bir az danışın
Tatyana İVANAYEVA
Muzey Mərkəzi 25 illik uzun yolunu qeyd edir
Yubiley hər zaman hansısa təntənəni nəzərdə tutur. Və, xüsusilə də, bunu şəhərimizin ən əzəmətli tikililərindən biri qeyd edirsə... Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhərinin lap mərkəzində, Dənizkənarı Bulvarın yanında yerləşən Muzey Mərkəzinin binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında dünya proletariatının rəhbərinin 90 illik yubileyi münasibətilə inşa edilmiş və 1961-ci ildə V.İ. Lenin adına Moskva Muzeyinin filialı kimi istifadəyə verilmişdir. Mövcud olduğu 55 il ərzində respublikanın bir çox görkəmli şəxsiyyətləri və adi sakinləri onun mərmər pillələrinin üzəri ilə addımlamışlar. Bəs, şəhərin saysız-hesabsız qonaqları onu nə qədər ziyarət edib!
Bu il yubileyini qeyd edən Muzey Mərkəzinin bugünkü vəziyyəti barədə "Kaspi" qəzetinə mərkəzin direktoru, Əməkdar Mədəniyyət İşçisi və Azərbaycan Rəssamlar İttifaqının üzvü Liana Vəzirova danışıb.
- Bu gün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin 25 yaşı tamam olur. Bu rəqəm sizin üçün nə deməkdir?
- Bu, yalnız yuvarlaq bir rəqəm deyil, 25 illik uzun bir yoldur.
Amma insanlar heç də hər zaman Muzey Mərkəzinin nə olduğunu özləri üçün dəqiq müəyyən edə bilmirlər...
Azərbaycanda belə bir mərkəzin analoqu yoxdur. Mən deyə bilərəm ki, bu yeni anlayışdır, lakin geriyə baxanda başa düşürəm ki, Mərkəzin divarları arasındakı fəaliyyətimin müddəti artıq 20 ildir. Muzey Mərkəzinin özü isə, SSRİ-nin süqutu nəticəsində Moskva Lenin Muzeyinin filialının binasının o vaxtkı Azərbaycan Mədəniyyət Nazirliyinə verilməsindən sonra 1991-ci ildə təşkil edilib.O, özündə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyini, C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyini, Azərbaycan İstiqlal muzeyini, Azərbaycan Dövlət Din Tarixi muzeyinin Fondunu birləşdirir. Və, bütün bunlar bir binanın içindədir! Burada, həmçinin, Sərgi qalereyası, Dəyirmi zal - rotonda və Akt zalı da yerləşir. 2008-ci ilin aprel ayından burada "Rus muzeyi: virtual filial" informasiya-maarifləndirici mərkəzi fəaliyyət göstərir. Mən postsovet məkanında bizim Mərkəzin hər hansı bir oxşarını tapmağa çalışdım. Oxşar mərkəz Krasnoyarskda oldu... Lakin Mərkəzimizin dünyanın bir çox ölkələrində tanınmasına baxmayaraq, yalnız bununla çox maraqlanan insanlarda belə bir sual yaranır: bəs, görəsən, Muzey Mərkəzi nə deməkdir?
- Muzey Mərkəzi özündə bir neçə müxtəlif istiqamətli muzeyləri birləşdirir. Onlar bir dam altında öz aralarında necə yola gedirlər?
- Heç də pis yola getmirlər (gülür). Bizim birgə tədbirlərimiz çoxdur. Bu həm də bütün muzeylərin, qonaqlar tərəfindən marağın artmasına səbəb olan vahid layihədə, birləşdiyi xüsusi xoş günlərdir. Ancaq mən həmişə qeyd edirəm ki, bu, təkcə həmin muzeylərin ekspozisiyaları deyil, həm də mədəni-maarif mərkəzidir. Burada konsert və ya sərgilərdə, konfranslarda və ya "dəyirmi masalarda" iştirak etmək olar. Muzey Mərkəzi əyləncəli və maarifləndirici tədbirlərin, təhsil və təlimlərin geniş spektrini əhatə edir... Bura şəhərimizin mədəni həyatında çox fəal bir yerdir. Mərkəzimizin Sərgi qalereyasında Xalq rəssamları Mir Nadir Zeynalovun və Nazim Bəykişiyevin, Rasim Babayevin və Elçin Aslanovun, Əməkdar İncəsənət xadimi İrina Eldarovanın və bir çox başqalarının fərdi sərgiləri keçirilib, onların adlarını saatlarla sadalamaq olar. Burada beynəlxalq sərgilər çərçivəsində Almaniya, İran, Bolqarıstan, Türkiyə incəsənəti təqdim olunub. Mərkəzimizin Akt zalında və Dəyirmi zalında Fars körfəzi ölkələrinin mədəniyyət günləri, TÜRKSOY-un iclasları, MDB nazirlərinin iclasları, populyar illik "Gözəlliyin rəngi" bədii layihəsi, həmçinin ALLUMİNİUM və FUSİONDOLLS Beynəlxalq Biennaleləri, Moskva, Sankt-Peterburq və Minsk kukla sənəti ustalarının fərdi sərgiləri keçirilib. Muzey Mərkəzi müxtəlif yaradıcılıq görüşlərinin, konsertlərin, xoreoqrafiya performanslarının, təqdimatların, fotosərgilərin və moda nümayişlərinin keçirilməsi üçün meydançadır. Beləliklə, Muzey Mərkəzi bir növ bir çox mədəniyyət müəssisələrinin fəaliyyətini özündə birləşdirir.
- İnsanları mədəniyyətə öyrətmək mümkündür?
- Nəinki mümkündür, həm də lazımdır! Və həyatınızın hər dəqiqəsində bununla məşğul olmaq lazımdır. Mədəniyyətə yiyələnmək uşağın həyatının ilk günündən başlayır və insanın son nəfəsinədək davam edir. Biz hər gün öz ölkəmizin və digər dövlətlərin mədəniyyətini, ünsiyyət və qarşılıqlı anlaşma mədəniyyətini öyrənməliyik. Axı, mədəniyyət çox tutumlu anlayışdır. Təəssüf ki, bəzi adamlar başa düşmürlər ki, birinci növbədə mədəniyyətə, təhsilə, sosial ehtiyaclara maliyyə dəstəyi verilməlidir. Ailə öz gücünü hər şeydən əvvəl övladının təhsilinə sərf etməlidir, eyni zamanda, qocalara əvəzsiz dəstək də mədəniyyətin təzahürüdür. Əks halda, cəmiyyət mədəni olaraq tanına bilməz.
- Muzey Mərkəzinin rəhbəri olaraq, deyə bilərsiniz - cəmiyyətimiz muzeyləri necə qəbul edir?
- Muzey mədəniyyəti - çox incə bir strukturdur. Belə müəssisələrdə işləyənlər xüsusi növ insanlardır. Biz bazar iqtisadiyyatı dövründə yaşayırıq və buna can atarkən nəinki çox şey qazanmışıq, həm də nəyisə itirmişik. Təəssüf ki, istehlak cəmiyyəti formalaşmağa başladı. İnsanlar muzeylərə, teatrlara, qalereyalara, sərgilərə daha az maliyyə vəsaiti xərclənməyə başladılar... Nədənsə, bəzən qarderobda heç ehtiyac duyulmayan nəyi isə almaq üçün insanlar müəyyən bir məbləğ verməkdən çəkinmirlər, amma muzeyə giriş bileti üçün pul ödəməli olduqda buna birmənalı reaksiya verirlər. Bir restoranda külli miqdarda pul xərcləyən,amma muzeyə ödənişli girişdən əsəbiləşən insanların "qəlb ağrısı" nı heç anlamıram. Üstəlik, nəzərə alaq ki, biletin qiyməti tamamilə simvolikdir, hətta deyərdim ki, sadəcə gülüncdür. Fikrimcə, uşaqlarınıza mənəvi cəhətdən inkişaf edə biləcəkləri yerləri ziyarət etməyi öyrətməyə başlasanız, heç də pis olmaz.
Ümumiyyətlə, mədəni tərbiyə məktəblərin və uşaq bağçalarının əsas proqramına çevrilməlidir. Hərçənd, onu da qeyd etməliyəm ki, muzeylər də texniki təchizat baxımından müasir dövrə uyğunlaşmalıdırlar. Ekspozisiyaları mütəmadi olaraq yeniləmək lazımdır. Mən xarici muzeylərin iştirakı ilə səyyar sərgilərin qaytarılmasının tərəfdarıyam. Bizim mədəniyyət ocaqlarının divarları arasında daim yeni nələrsə baş verməli, onlar çox interaktiv olmalıdır. Təəssüf ki, bununla hər yerdə qarşılaşmaq olmur, ona görə də bu gün biz cəmiyyətin muzeylərə belə soyuq reaksiyasına malikik. Ancaq aydın şəkildə başa düşmək lazımdır ki, muzeylər olmadan mədəni cəmiyyət mümkün deyil.
- Bəlkə, cəmiyyət muzeyləri donmuş tarix kimi qəbul edir, halbuki müasir reallıqlar dinamika tələb edir?
- Məgər dünyanın digər muzeylərinin tarixi donub qalmayıb? Məsələn, Sankt-Peterburqun Rus muzeyi, Ermitaj... Halbuki, bu muzeylər çox yaxşı ziyarət olunur.
- Hesab edirəm ki, burada onların təbliğatı, tanınması böyük rol oynayır. Bizdə isə Milli muzeylərin piar-kampaniyaları istənilən səviyyədə deyil...
- Razılaşıram, amma hesab edirəm ki, muzeylərin özləri də bunun üzərində ciddi işləməlidirlər. Onlar peşəkar mütəxəssislərlə təchiz olunmalıdır. Bu, klassikadır! Yenə də mənə yaxın olan Piter muzeylərindən nümunə göstərəcəyəm, çünki mən bu şəhərdə təhsil almışam. Orada işçilər heyrətamizdir! Təhsilli, mütaliəli, işini böyük bir nemət kimi qiymətləndirən insanlar. Bizdə isə tam əksinədir. Hətta bizim profil üzrə ali məktəbləri qurtaranlar da ixtisasları üzrə işləmək istəmirlər və maliyyə komponentini əsas tuturlar. Və mənim çaşqınlığımın yarandığı yer budur. Belə olan halda bu fəaliyyət sahəsini seçmək nəyə lazımdır? Mədəniyyətə xidmət etmək arzusu yoxdursa, fərqli bir yol seçin! Əgər mədəniyyətə xidmət etməyi seçmisinizsə, heç bir çətinliyə baxmayaraq, ona əməl edin. Necə deyərlər, uğura gedən yol çətinliklərdən keçir!
- Siz həmişə vurğulayırsınız: xidmət...
- Çünki bu, məhz belədir! Peşəkar fəaliyyətini mədəniyyətlə bağlayan insanlar fədakarlıq edirlər. Axı bu sahədə "maddi komponent" anlayışına istinad etmək mümkün deyil. Mədəniyyət bizneslə məşğul ola bilməz. Heç vaxt! O, müəyyən xidmətlər spektrini göstərə bilər ki, bundan da pul qazanaraq mədəniyyətə yenidən sərmayə qoya bilsin. Ona görə də mədəniyyət müəssisələrinin vergiyə cəlb edilməsinin qəti əleyhinəyəm. Mədəniyyət - istehsal deyil! Bizi mənfəət əldə etmək üçün nə isə istehsal edənlərlə bir səviyyədə tutmaq olmaz. Mədəniyyət təşkilatlarına maliyyə daha da irəli getmək, inkişaf etmək, texniki təchizatda aktual olmağa çalışmaq, daha çox insanı dünyagörüşünü genişləndirmək cəhdinə cəlb etmək, bununla da ölkəmizin gələcək vətəndaşlarının yeni mədəni nəslini tərbiyə etmək üçün lazımdır.
Xaricə səfər edərkən, muzey və qalereyalara tətbiq olunan vergiyə fərqli yanaşmanı qeyd edirəm. Bəli, oralarda Mədəniyyət Nazirliyi kimi bir qurum yoxdur və özəl muzeylər və qalereyalar çoxdur. Amma hətta kiçik muzeylər belə öz damlarının altında kafe, restoranlar, mağazalara yer vermək, hətta kiçik istehsal müəssisəsinə malik olmaq imkanlarına malikdirlər. Bizdə isə ən kiçik təşəbbüs etdikdə belə muzey bisneslə bir səviyyədə tutulur. Mən səmimiyyətlə ümid edirəm ki, vaxt gələcək - cəmiyyətin həyatında mədəniyyətin əhəmiyyəti dərk ediləcək. Və bu dərketmə, qeyd edim ki, fərqli səviyyələrdə, tez-tez barəsində danışdığım mədəniyyətin bir hissəsidir.
- Liana Leonidovna, bəzən özünüzü yel dəyirmanları ilə mübarizə aparan Don Kixot kimi hiss etmirsiniz ki?
- Düşünürəm ki, bu barədə danışmaq vacibdir. Öz mövqeyimizi izah etməliyik. Kimlərdən ki, çox şey asılıdır - məsələnin əhəmiyyəti barədə düşünməlidirlər. Əgər biz vacib olanı bəyan etməsək, söhbətin mövzusu da olmayacaq. Mədəniyyətin hansı prinsiplə maliyyələşdirildiyini görmək mənim üçün çox ağrılıdır. Bu, öz başlanğıcını hələ Sovet İttifaqı vaxtından götürüb. Əminəm ki, bu cür geridəqalmış yanaşma bu gün qəbuledilməzdir! Sonra isə vətəndaşlarımızın niyə bu qədər mədəniyyətsiz olduğu barədə danışmağa başlayırlar. Yadımdadır ki, tibb işçilərinin Mədəniyyət Evinin rəhbəri olduğum zamanlarda Həmkarlar İttifaqları tərəfindən külli miqdarda vəsait ayrılır, bu vəsait hesabına çox sayda dərnəklər, maraq klubları və tədbirlər təşkil edə bilirdim, həm də xüsusi qeyd edim ki, tamamilə ödənişsiz! Mən hələ hamiliyə götürdüyümüz 6 saylı məktəb haqqında danışmıram – məktəbin bütün şagirdləri bizim Mədəniyyət Evinin yolunu əla tanıyırdılar və həftədə beş dəfə ora gəlirdilər. Bəs bu gün biz özümüzə belə bir dəbdəbəni rəva görə bilərikmi?
- Bundan çıxış yolu varmı?
- O, həmişə var. Və bu, ondan ibarətdir ki, işləmək, işləmək və yenə də işləmək lazımdır!